MƏDƏNİYYƏT


MÜĞƏNNİ ELNUR HÜSEYNOV “AVROVİZİYA MAHNI MÜSABİQƏSİ-2008” MİLLİ SEÇİM TURUNUN QALİBİ OLMUŞDUR

AZƏRTAC xəbər verir ki, Elnur Hüseynov “Avroviziya mahnı müsabiqəsi-2008” milli seçmə mərhələsinin qalibi olmuşdur. Fevralın 2-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən final yarışması möhtəşəm konsert proqramı ilə yekunlaşmışdır.

Məhz bu konsertdən sonra E.Hüseynov Azərbaycanı mayda Belqradda keçiriləcək “Avroviziya mahnı müsabiqəsi-2008”də təmsil etmək hüququ qazanmışdır.

Milli seçim turunun final mərhələsində üç iştirakçı - Elnur Hüseynov, Aynur İsgəndərli və “Unformal” qrupu mübarizə aparmışlar.

Səhnəyə birinci Elnur Hüseynov çıxmışdır. E.Hüseynov 2003-cü ildə “Sing your Song” telelayihəsində “Qran-pri” mükafatına layiq görülmüşdür.

“Unformal” qrupu 2001-ci ilin oktyabrında “Azerbaijan Rock Award Competition” mükafatının təqdimetmə mərasimində ilin ən yaxşı qrupu elan edilərək “Qızıl aypara” mükafatına sahib olmuşdur.

Gecənin üçüncü iştirakçısı Aynur İsgəndərli hələ məktəb yaşlarında ikən “Şərq ulduzları” uşaq vokal ansamblının tərkibində böyük səhnələrdə konsertlərdə çıxış etmişdir. 2004-cü ildə “Azəri star” telelayihəsində iştirak etmiş və 3-cü yeri tutmuşdur. Həmin il 8-ci Beynəlxalq Asiya festivalında “Gələcəyin ən perspektivli müğənnisi” adını qazanmışdır. Hazırda bəstəkar Vaqif Gərayzadənin rəhbərlik etdiyi “Aypara” ansamblının solistidir.

Final yarışının konsert proqramı dünyanın bir çox ölkələrində canlı yayımlanmış və gecədə tanınmış sənət adamları ilə yanaşı, “Avroviziya-2003”ün qalibi Sertab Erener (Türkiyə), “Avroviziya-2004”ün qalibi Ruslana (Ukrayna) və “Avroviziya-2007”nin birincisi Mariya Şerifoviç (Serbiya) çıxış etmişlər.

Gecədə Eurovision TV-nin baş direktoru Biorn Eriçsen çıxış edərək, hələ indiyədək bu cür möhtəşəm milli seçim turunu izləmədiyini demişdir.

Qeyd edək ki, “Avroviziya-2008” müsabiqəsində rekord sayda – 43 ölkə iştirak edəcəkdir. Azərbaycan və San-Marino bu müsabiqəyə ilk dəfə qatılırlar.

Müsabiqənin şərtinə uyğun olaraq, bu mahnı müsabiqəsində Avropa Yayımlar Birliyinin (AYB) üzvü olan televiziyaların təmsil olunduğu ölkənin musiqiçiləri yarışırlar.

Müsabiqənin təməli 1955–ci ildə Monakoda Avropa Radio Yayım Birliyində işləyən fransız mənşəli Marsel Bezenson tərəfindən qoyulmuşdur. 1956–cı ildən etibarən “Avroviziya” mahnı müsabiqəsi ənənəvi olaraq hər il keçirilir və ən məşhur uzunömürlü verilişlərdən biri hesab olunur. Bu müsabiqə yalnız Avropada deyil, həmçinin iştirakçı olmayan Avstraliyada, Kanadada, Misirdə, Honkonqda, Hindistanda, İordaniyada, Koreyada, Yeni Zelandiyada və ABŞ-da yayımlanır.

Azərbaycan teleməkanında “Avroviziya” mahnı müsabiqəsi ilk dəfə 2006-cı ildə yayımlanmışdır.

2007-ci ildə İTV AYB-in tamhüquqlu üzvü seçilmişdir. Bundan sonra Azərbaycanın “Avroviziya mahnı müsabiqəsi-2008”də iştirakı ilə bağlı AYB ilə danışıqlar müsbət nəticə vermişdır. Ötən ilin oktyabrında ölkəmiz bu hüququ qazandıqdan sonra vaxt məhdudluğuna baxmayaraq müsabiqəyə ciddi hazırlıq işləri görülmüşdür.

Üç mərhələdən ibarət milli seçim turunda müsabiqənin qaydalarına uyğun olaraq 13 nəfərdən ibarət münsiflər heyəti 40 ifaçını dinləmiş və onlardan 3-ü final mərhələsinə adlamışdır.

Mayın 20-də və 22-də Belqradda müsabiqənin yarımfinalı keçiriləcəkdir. Ayın 24-də keçiriləcək final yarışmasında ifaçıların sayca çoxluğuna baxmayaraq, bir nəfər qalib adını qazanacaq və onun təmsil olunduğu ölkə növbəti ildə bu müsabiqəyə ev sahibliyi edəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.