DÜNYA
“3D” printerdə çap edilmiş obyektlər öz ilkin formasını yadda saxlayacaq
Bakı, 29 avqust, AZƏRTAC
Massaçusets Texnologiya İnstitutunun alimləri hazırda müəyyən temperaturda öz formasını dəyişdirmək qabiliyyətinə malik kiçik obyektlərin yaradılması üçün nəzərdə tutulmuş yeni üçölçülü çap texnologiyası üzərində işləyir. Yüksək temperaturda bu üsulla çap edilmiş obyektləri sıxaraq onların həcmini üç dəfə azaltmaq mümkündür. Sonra obyekt öz ilkin formasını alacaq.
AZƏRTAC “hi-news.ru” saytına istinadən xəbər verir ki, yeni texnologiya insan saçı qalınlığında strukturlar çap etməyə imkan verir. Belə miniatür əşyaları hazırlamaq olduqca çətindir. İstehsalçılar komandası yeni texnologiyadan öz formasını dəyişdirmək qabiliyyətinə malik biotibbi qurğuları və günəş batareyalarının çapında istifadə etməyi planlaşdırır. Həmçinin yeni texnologiya aerokosmik komponentlərin istehsalında tətbiq edilə bilər.
Alimlər gələcəkdə bu texnologiyanın tibb sahəsində istifadəsini planlaşdırır. Belə ki, dərmanla təchiz edilmiş damar bədənin temperaturuna reaksiya verə biləcək və zərurət olduqda xəstəlik nəticəsində zəifləmiş orqanizmi dərman preparatı ilə təchiz edəcək.