SİYASƏT
3 APREL SUMQAYITIN TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİDİR
Sumqayıt, 3 aprel (AZƏRTAC). Ənənəyə görə aprelin 3-də Sumqayıt ictimaiyyətinin nümayəndələri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəhərdəki abidəsi önünə toplaşırlar. Altı il əvvəl, 2003-cü il aprelin 3-də dahi lider Heydər Əliyev şəhərə qeyri-rəsmi səfər etmişdir. Dövlət başçısının Sumqayıtda mənəvi-psixoloji ab-havanın kəskinləşməsi nəticəsində bütün sahələrdə yaranmış böhranla əlaqədar şəhərə tarixi səfəri, şəhər fəallarının yığıncağında proqram xarakterli çıxışı, kəskin və eyni zamanda, ədalətli iradları, tövsiyələri, Sumqayıtın yeni rəhbərliyi qarşısında qoyduğu vəzifələr şəhərin inkişafında yeni mərhələyə çevrildi.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq onun abidəsi önünə tər çiçək dəstələri düzülmüşdür.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev çıxışında bildirmişdir ki, dahi lider Heydər Əliyev Sumqayıtı və sumqayıtlıları sevir, onlara xüsusi qayğı göstərirdi. Şəhərin rəhbəri ötən altı il ərzində görülən işlərdən, əldə olunan uğurlardan danışmışdır. Vurğulanmışdır ki, bütün bunlar ümummilli liderin 2003-cü il aprelin 3-də şəhər fəallarının yığıncağında verdiyi tapşırıq və tövsiyələrin yerinə yetirilməsi nəticəsində mümkün olmuşdur. V.Əliyev konkret faktlar əsasında Sumqayıtda bütün sahələrdə həyata keçirilən genişmiqyaslı layihələrdən və islahatlardan söhbət açmışdır. Şəhər tanınmaz dərəcədə dəyişmişdir. Hər il burada yeni sənaye müəssisələri istifadəyə verilir. 2003-cü ildən bəri şəhərdə 36 mindən çox yeni iş yeri açılmışdır. Bu gün Sumqayıt dövlətimizin başçısı İlham Əliyevin diqqət mərkəzindədir. Azərbaycan Prezidentinin tapşırığı ilə burada ekoloji vəziyyətin sağlamlaşdırılmasına dair yeni texnologiyalar uğurla tətbiq olunur, enerji sisteminin keyfiyyətcə yaxşılaşdırılması, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin mənzillə təmin olunması, yeni yolların salınması, idman komplekslərinin tikilməsi və şəhərin abadlaşdırılması üzrə genişmiqyaslı layihələr həyata keçirilir.
V.Əliyev vurğulamışdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin daxili siyasətinin prioritetinə çevrilən regionların sürətli inkişaf konsepsiyası durmadan inkişaf edən Sumqayıtda uğurla həyata keçirilir. Sumqayıtlılar prezident seçkilərində İlham Əliyevə səs verməklə ümummilli lider Heydər Əliyevin siyasi xəttinə sadiq qaldıqlarını bir daha təsdiq etmişlər.
Tədbirdən əvvəl dahi lider Heydər Əliyevə həsr olunmuş şeirlər və mahnılar səslənmişdir.