CƏMİYYƏT
3 oktyabr Dünya Ayıqlıq və Alkoqolizmə qarşı Mübarizə Günüdür
Bakı, 3 oktyabr, AZƏRTAC
Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, hər il dünyada təqribən 2,5 milyon adamın ölümü onların spirtli içkilərə aludə olması ilə bağlıdır. Cəmiyyətin diqqətini bu ciddi problemə cəlb etmək, onun həlli yollarını müəyyən etmək üçün DST-nin təşəbbüsü ilə hər il dünyada Ayıqlıq və Alkoqolizmə qarşı Mübarizə Günü qeyd olunur. Həmin gün dünya ictimaiyyətini spirtli içkilər içməyə qarşı mübarizə aparmağa və ildə heç olmazsa bir gün, amma hamılıqla böyük fəsadlar törədən bu içkilərdən imtina etməyə çağırır.
Dünya Ayıqlıq və Alkoqolizmə qarşı Mübarizə Günü bütün şüurlu ömrünü sərxoşluq əleyhinə mübarizəyə həsr etmiş Con Finçə özünəməxsus abidədir. İctimai xadim C.Finç XIX əsrin sonunda ABŞ-da başlayan ayıqlıq hərəkatının fəalıdır. Onun vəfat etdiyi gün – 3 oktyabr ayıqlığın bütün dünyada təbliği gününə çevrilib.
Ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin təqribən dörddəbir hissəsi alkoqolizmin qurbanıdır. Spirtli içkilərdən sui-istifadə edəndə ürək əzələsinin distrofik və piy degenerasiyası müşahidə olunur ki, bu da sonunda ürəyin işemik xəstəliyinə, stenokardiyaya, miokard infarktına və s. gətirib çıxarır. Ürək əzələsini qidalandıran baş beyin və qan damarları zədələnir. Bundan əlavə, alkoqolizmdən əziyyət çəkənlərin mədəsinin selikli qişası zədələnir, onun sekresiya, motor və fermentativ funksiyaları pozulur. Spirtli içkilər xüsusilə qaraciyərə ziyan vurur, bu zaman hepatitlərin gedişatı ağırlaşır, qaraciyər sirrozu əmələ gəlir, pankreatitlər müşahidə olunur. Mədəaltı vəzisi zədələnəndə isə şəkərli diabet inkişaf edir. Alkoqoliklərin uşaqları fiziki baxımından zəif inkişaf edir, psixi inkişafdan qalır, onlarda lal-karlıq, endokrinopatiya müşahidə olunur.
DST-nin hesablamalarına görə, alkoqollu məhsuldan istifadənin yol verilən səviyyəsinin ( ildə adambaşına 8 litr ) insanların sağlamlığı üçün son dərəcə təhlükəlidir.