İDMAN


3x3 basketbol üzrə kişilərdən ibarət yığma komandamız da İslamiadanın finalında mübarizə aparacaq

Konya, 17 avqust, Səxavət Quliyev, AZƏRTAC

Kişilərdən ibarət 3x3 basketbol növü üzrə yığma komandamız da İslam Həmrəyliyi Oyunlarının finalına vəsiqə qazanıb.

AZƏRTAC xəbər verir ki, V İslam Həmrəyliyi Oyunlarının 1/2 final mərhələsində millimiz İran komandası ilə qarşılaşıb. Amil Həmzəyev, Zaur Paşayev, Orxan Aydın və Endar Poladxanlıdan ibarət 3x3 basketbol yığmamız, gərgin keçən oyundan yekunda 21-17 hesablı qələbə ilə ayrılıb. Bu qələbədən sonra millimiz İslamiadanın final mərhələsinə vəsiqə qazanıb.

Yığmamızın finaldakı rəqibi Seneqal komandası olacaq.

Qeyd edək ki, bundan əvvəl qadın basketbolçularımız da yarışın final mərhələsinə yüksəliblər.

Xatırladaq ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.

Oyunların məhz Konyada keçirilməsi təsadüfi deyil. Qədim tarixi olan Konya şəhəri həm də İslam sivilizasiyasının mühüm mərkəzlərindən sayılır. Böyük təsəvvüf şairlərindən olan Cəlaləddin Ruminin türbəsi zahidlər üçün ziyarətgahdır. Ümumiyyətlə, Konya müxtəlif mədəniyyətlərin bir araya gəldiyi harmonik ruha sahibdir.

Xatırladaq ki, 2017-ci il mayın 12-22-də Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident və Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın fəaliyyəti sayəsində bütün dünyaya nümayiş etdirdi ki, İslam aləmi bir ola bilir və bu birlik gücümüzü daha da artırır. “Bakı-2017”də 54 ölkədən 3 mindən çox atlet idmanın 24 növü üzrə keçirilən yarışlarda 269 dəst medal uğrunda mübarizə aparıb. Bu Oyunlara 425 atletlə qatılan Azərbaycan 162 medalla (75 qızıl, 50 gümüş və 37 bürünc) birinci oldu. Türkiyə ikinci (195 medal), İran üçüncü (98 medal), Özbəkistan dördüncü (63 medal), Bəhreyn (21 medal) isə beşinci yerdə qərarlaşdı.

İslam Həmrəyliyi Oyunları ilk dəfə Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilib. İranın paytaxtı Tehranda keçirilməli olan ikinci İslamiada ləğv edilib. Üçüncü Oyunlar 2013-cü ildə İndoneziyanın Palembanq şəhərində təşkil olunub. VI İslam Həmrəyliyi Oyunları isə 2025-ci ildə Kamerunun paytaxtı Yaundedə keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.