MƏDƏNİYYƏT
40 İLLİK YUBİLEYİNDƏ ... “ƏHMƏD HARADADIR?”
Baş idarənin rəisi Cəmil Fərəcov müxbirimizə demişdir ki, Azərbaycan kinosunun incilərindən sayılan filmin ssenari müəllifi əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Sabit Rəhman, quruluşçu rejissoru SSRİ xalq artisti Adil İskəndərov, bəstəkarı SSRİ xalq artisti Rauf Hacıyevdir. Əsas rolları xalq artistləri Nəcibə Məlikova, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Səyavuş Aslan, tanınmış aktyorlar Töhfə Əzimova, Elxan Qasımov və başqaları ifa etmişlər.
Yubiley tədbirində filmdə çəkilmiş aktyorlarla bərabər, dünyasını dəyişmiş sənətkarların ailə üzvləri də iştirak edəcəklər. Mərasimdə film ekranlaşdırılarkən ortaya çıxmış maraqlı məqamlardan söhbət açılacaq, kadr arxasında cərəyan edən hadisələrdən danışılacaqdır.
Filmdə Ceyran rolunun ifaçısı, gürcü aktrisası Nona Paçuaşviliyə də mərasimdə iştirak etmək üçün dəvətnamə göndəriləcəkdir.
Tədbirin axırında “Əhməd haradadır?” filmi nümayiş olunacaqdır.