İDMAN
BAKIDA KEÇİRİLƏCƏK “QIZIL QRAN-PRİ” TURNİRİNDƏ ÖLKƏMİZ BÖYÜK HEYƏTLƏ TƏMSİL OLUNACAQDIR
İyunun 27-də Bakıda sərbəst, yunan-Roma və qadın güləşi üzrə “Qızıl Qran-Pri” turnirinin final mərhələsinə start veriləcəkdir.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, bu mötəbər turnirə ölkəmiz geniş tərkibli heyətlə qatılacaqdır.
Sərbəst güləş millisinin baş məşqçisi Maqomedxan Aratsilovun rəhbərlik etdiyi komandaya 20-dən çox idmançı cəlb edilmişdir. Güləşin bu növündə pəhləvanlarımız bütün çəki dərəcələrində qüvvələrini sınayacaqlar.
Baş məşqçi Elçin Cəfərovun çalışdırdığı yunan-Roma güləşi üzrə yığma komandada isə 14 idmançı yer almışdır. Güləşin bu növündə ölkəmiz yalnız 96 kiloqram çəki dərəcəsində təmsil olunmayacaqdır.
Nazim Əlicanovun rəhbərlik etdiyi isə qadın güləşi üzrə komandaya Mariya Stadnik, Əminə Abbasova (hər ikisi 48 kq), Nadejda Qradnyuk (51 kq), Alyona Komarova (55 kq), Elvira Mürsəlova (59 kq), Olesya Zamula (63 kq), Mariya Kaçina (67 kq), Zümrüd Qurbanhacıyeva və Dina İvanova (hər ikisi 72 kq) cəlb olunublar.
İyirmidən çox ölkə idmançısının qatılacağı turnirə iyunun 29-da yekun vurulacaqdır.