İDMAN
PEKİN YAY OLİMPİYA OYUNLARININ QALİBLƏRİ MÜKAFATLANDIRILMIŞLAR
AZƏRTAC xəbər verir ki, sentyabrın 2-də “Hyatt Regency-Naxçıvan” mehmanxanasında Pekin Olimpiadasında medal qazanmış idmançıların yerli şirkətlər tərəfindən mükafatlandırılması mərasimi keçirilmişdir. Mərasimdə Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva da iştirak etmişdir.
Bildirilmişdir ki, Pekində Azərbaycan qeyri-rəsmi komanda hesabında 1 qızıl, 2 gümüş və 4 bürünc medalla 39-cu yeri tutmuşdur. Medalların sayına görə isə ölkəmiz 27-ci yerdədir. Halbuki 1996-cı ilin Atlanta Olimpiadasında Azərbaycan idmançıları cəmi 1 gümüş, 2000-ci ilin Sidney Olimpiadasında 2 qızıl və 1 bürünc, 2004-cü ilin Afina Yay Olimpiya oyunlarında isə 1 qızıl və 4 bürünc medal qazanmışdılar.
Vurğulanmışdır ki, Pekin Olimpiadasında Azərbaycanın idman tarixinə yeni parlaq səhifə yazmış gənclərimiz – Elnur Məmmədli, Rövşən Bayramov, Vitali Rəhimov, Şahin İmranov, Mövlud Mirəliyev, Mariya Stadnik və Xetaq Qazyumov xalqımıza sonsuz sevinc bəxş etmişlər. Elə bu səbəbdən də paytaxt sakinləri onları böyük təntənə ilə, gül-çiçəklə, musiqi sədaları ilə qarşılamışlar.
Diqqətə çatdırılmışdır ki, XXIX Yay Olimpiya oyunlarının nəticələrinə görə, Azərbaycan Avropa ölkələri arasında 20-ci, İslam ölkələri arasında isə 3-cü olmuşdur. İslam ölkələrinin idmançıları arasında ilk qızıl medalı Azərbaycan idmançısı qazanmışdır. Bütün bunlar deməyə əsas verir ki, Pekin Olimpiadası Azərbaycan idmançıları üçün uğurlu olmuşdur.
Tədbirdə XXIX Yay Olimpiya oyunlarının medalçılarına “İmprotex” Şirkətlər Qrupu, “Yeni Həyat” Şirkəti, “AtaHoldinq”, “UniBank” Açıq Səhmdar cəmiyyətləri və digət şirkətlər tərəfindən pul mükafatları və avtomobil təqdim edilmişdir. İdmançılarla bərabər onların məşqçiləri də mükafatlandırılmışlar. Qalib idmançılara “Akkord” Şirkətlər Qrupu tərəfindən ev hədiyyə edilmişdir.
Tədbirdə Pekin Olimpiadasında 5-7-ci yerləri tutmuş idmançılara da pul mükafatları verilmişdir.
######