MƏDƏNİYYƏT


ARAŞ: “MAHNINI MƏHZ AYSEL ÜÇÜN YAZMIŞAM”

Bakı, 6 fevral (AZƏRTAC). “Eurovision-2009” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin ifa edəcəyi mahnının seçilməsi üçün elan olunan ən yaxşı kompozisiya Araşın mahnısı olmuşdur.

İctimai Televiziya və Radio Yayımları Şirkətindən bildirmişlər ki, 2009-cu ilin mayında Moskvada mahnı müsabiqəsində Azərbaycanı “Always” mahnısı təmsil edəcək. Araş müsabiqənin yekunları ilə bağlı açıqlamasında mahnısının uğur qazanacağına inandığını bildirərək demişdir ki, Azərbaycanın mahnı seçimi elan etməsi barədə məlumatı internetdə oxudum. Cəmi bir gecə ərzində çoxdan üzərində işlədiyim mahnını tamamladım. Müsabiqədə iştirakım əslim Azərbaycandan olduğuna görə, bu ölkənin “Eurovision” tarixinə daxil olmaq istəyimdən irəli gəlmişdir. Heyf ki, Azərbaycanın adından çıxış edəcək namizədin seçim turlarını əldən qaçırmışam. Axı, mən təkcə müəllif və bəstəkar deyil, həm də müğənniyəm. Çox istərdim ki, “Eurovision” müsabiqəsinin səhnəsində olum, pərdə arxasında yox”.

Xatırladaq ki, Araş Avropanın məşhur ifaçısı və bəstəkarlarından sayılır. O, “Pure love”, “Donya” və “Boro boro” kimi hitlərin müəllifidir.

Qeyd edək ki, İTV-nin elan etdiyi mahnı müsabiqəsinə yerli və xarici bəstəkarların təqribən 30-a yaxın mahnısı təqdim olunmuşdur. Münsiflərin sözlərinə görə, müsabiqəyə çoxlu sayda dəyərli kompozisiya təqdim olunmuşdur. Qalib mahnıya gəldikdə isə, münsiflər heyəti “Always” mahnısına üstünlük vermişdir. Heyətin üzvü Murad Adıgözəlzadə bildirmişdir ki, Azərbaycanı “Eurovision” səhnəsində təmsil edəcək Aysel üçün ən yaxşı mahnını məhz Araş təqdim edib: “Always” əsl biz axtardığımız mahnıdır. Bu, 100 faiz “Eurovision” hitidir və fikrimizcə, Ayselə tam uyğundur. Əminik ki, bu maraqlı kompozisiya Avropanın hitinə çevriləcək. Mahnı seçimindən tam razıyıq, indi isə parlaq və keyfiyyətli şou düzənləməyin zamanıdır”.

Azərbaycanı “Eurovision-2009” mahnı müsabiqəsində təmsil edəcək 19 yaşlı müğənni Aysel Teymurzadə də artıq ifa edəcəyi mahnı ilə bağlı fikirlərini bildirib: “Sözün düzü, Araşın müsabiqəyə mahnı təqdim etdiyini eşidəndə təəccübləndim. Əlbəttə ki, mahnını artıq dinləmişəm, amma hələ qiymət verməyə tələsmirəm. Mən mütləq mahnının finalda nə cür səslənəcəyini anlamalıyam. Odur ki, səsyazma prosesini və mahnının son versiyasını gözləyirəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.