ELM VƏ TƏHSİL
44 günlük Vətən müharibəsi: milli birliyin təntənəsi
Bakı, 30 sentyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsində “44 günlük Vətən müharibəsi: milli birliyin təntənəsi” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə fakültənin dekanı dosent İbrahim Kazımbəyli açıb.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Beynəlxalq münasibətlər kafedrasının müəllimi, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun dissertantı Lamiyyə Namazova 44 günlük müharibədə qazanılan Zəfərin əhəmiyyətini qeyd edib. O, Qarabağın tarixi, əhalisinin etnik tərkibi haqqında müxtəlif mənbələr əsasında dövrlər üzrə məlumat verib, ermənilərin bu ərazilərə köçürülməsindən sonra törətdikləri özbaşınalıqların Ali Baş Komandanın uzaqgörən siyasəti, xalq-dövlət-ordu birliyi əsasında birdəfəlik məhv edildiyini vurğulayıb.
Dosent Şəlalə Bağırova isə erməni saxtakarlığının, uydurma erməni dövlətçiliyinin əsas mahiyyətindən danışıb. Qeyd edib ki, Vətən müharibəsi həm də həqiqətin qələbəsidir, erməni uydurmalarının dağılmasıdır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni ordusunun yenilməzliyi, status-kvonun əbədi saxlanılması haqqında miflər məhv oldu. Vətən müharibəsində Qələbə ilə həqiqət və ədalət Zəfər çaldı.
Beynəlxalq münasibətlər kafedrasının doktorantı Rəfi Qurbanov çıxışı zamanı Şuşa Bəyannaməsinin siyasi aspektlərindən söz açıb. Həmin kafedranın dosenti Mətanət Əsgərova çıxışında ermənilər tərəfindən Qarabağda törədilmiş cinayətləri xarakterizə edib, Cenevrə Konvensiyası və əlavə protokollarla bağlı humanitar hüququn pozuntularından danışıb.
Fəlsəfə və ictimai elmlər kafedrasının müdiri dosent Ədalət Abdiyeva qeyd edib ki, Vətən müharibəsi insanların illər boyu vərdiş etdikləri həyat fəlsəfəsini dəyişdi, yeni bir təfəkkür hadisəsini - qalibiyyət fəlsəfəsini doğurdu, ordu və bayraq sevgisini həmişəlik könüllərə və zehinlərə yerləşdirdi, hər kəsə yeni həyat gücü və enerjisi bəxş etdi.