SİYASƏT
“44 günlük müharibə: Mülahizə və nəticə” hesabatı təqdim olunub
Bakı, 11 oktyabr, AZƏRTAC
Beynəlxalq Münasibətlərin Təhlil Mərkəzində (BMTM) ingilis dilində hazırlanan "44 günlük Qarabağ müharibəsi: Mülahizə və nəticələr" adlı hesabatın diplomatik korpus nümayəndələri, ekspertlər üçün təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib: “Hesabatda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən müharibənin Cənubi Qafqaz regionunda təhlükəsizlik arxitekturasını kökündən dəyişdiyi qeyd olunur. Vurğulanır ki, 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı beynəlxalq vasitəçilər real həll yolunun tapılması istiqamətində heç bir uğur əldə etməyiblər”.
Hesabatda 44 günlük müharibənin səbəb olduğu nəticələrə fərqli bucaqdan nəzər salınır. Qeyd olunur ki, bir sıra səbəblər, o cümlədən beynəlxalq vasitəçilərin münaqişənin həll yolunu tapmaması, Ermənistana təzyiq göstərə bilməmələri və işğalçı ölkənin davamlı pozucu addımları müharibənin başlanmasını şərtləndirən əsas amillərdir. Sənəddə, eyni zamanda, 44 günlük müharibə, onun Ermənistan-diaspor münasibətlərinə, regionun iqtisadiyyatına və ümumilikdə beynəlxalq əlaqələrə təsirləri tədqiq olunur.
Diqqətə çatdırılır ki, ərazi bütövlüyünü bərpa etməklə Azərbaycan postsovet məkanının işğal tarixini yenidən yazıb, beynəlxalq hüquq və normalara etinasızlığı aradan qaldırıb. Bununla yanaşı, müharibə göstərdi ki, diplomatik təşəbbüslərin və danışıqların uğursuzluğa düçar olması münaqişənin hərbi yolla həllini qaçılmaz edir. “Münaqişənin hərbi yolla həlli ola bilməz” kimi geniş yayılmış mif tamamilə dağıdılıb. Bu şüar ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən sülh prosesi boyunca dəfələrlə təkrarlanıb. Lakin təəssüf ki, bu, yalnız Ermənistanın xeyrinə işləyib. Ermənistan Azərbaycan ərazilərinin işğalını davam etdirib və beynəlxalq təzyiqin olmaması səbəbindən cəzasız qalıb. Bütün bunlara baxmayaraq, Azərbaycan sülh təşəbbüsləri iflasa uğrayacağı təqdirdə, münaqişənin hərbi yolla həllinin mümkünlüyünü heç vaxt istisna etməyib. Prezident İlham Əliyev 44 günlük müharibə zamanı xarici jurnalistlərə verdiyi çoxsaylı müsahibələr zamanı dəfələrlə bəyan etdiyi gerçəklik hesabatda əksini tapıb: “Dünya ictimaiyyətinin Azərbaycan torpaqlarını işğaldan azad etməsi üçün Ermənistana təzyiq göstərə bilməməsi, 30 ilə yaxın davam edən münaqişənin sülh yolu ilə həlli istiqamətində irəliləyişim olmaması və Ermənistanın baş naziri Nikol Paşinyanın getdikcə artan militarist mövqeyi müharibəni qaçılmaz edib”.
Beynəlxalq perspektivdən baxdıqda, bu hesabat 44 günlük müharibənin beynəlxalq əlaqələrə 3 əsas təsirini vurğulayır. Birincisi, təəssüflə qeyd olunur ki, müharibədən əvvəl Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının uğursuz olması və beynəlxalq ictimaiyyətin beynəlxalq hüquqa əməl etməsi üçün Ermənistana təzyiq göstərmək istəməməsi Makiavelli nəzəriyyəsini təsdiqləyən növbəti nümunədir. Bu baxımdan, Ermənistan liderlərinin beynəlxalq hüquqa məhəl qoymaması və beynəlxalq reaksiyanın olmaması səbəbindən onların cəzasız qalması nəinki Cənubi Qafqazın iki ölkəsi arasındakı sülh prosesinə, həmçinin beynəlxalq hüquqi nizama və ona olan inama zərbə vurub.
Hesabata əsasən, müharibənin ikinci təsiri daha çox hərbi xarakter daşıyır. Bildirilir ki, son onilliklər ərzində baş vermiş texnoloji inqilabların həyatımızın bütün sahələrini sürətlə dəyişdiyi kimi hərbi sahədən də yan keçməyib. Azərbaycanın 44 günlük müharibədə əsasən müasir silahlanmaya görə qalib gəlməsi bu inqilabın göstəricisidir. Bəzi ölkələr bu inqilaba çağırış kimi baxsalar da, bəziləri bunu imkan kimi dəyərləndirir.
Yazıda qeyd olunan İkinci Qarabağ müharibəsinin 3-cü təsiri kiçik dövlətlərin böyük güclər qarşısında öz milli maraqlarını müdafiə etmək baxımından daha çox güclənmək potensialı ilə bağlıdır. Bildirilir ki, bu yeni vəziyyət nəinki kiçik ölkələrin müdafiə imkanlarını artıracaq, həmçinin böyük dövlətlərin hərbi müdafiə xərclərini azaldacaq və onları danışıqlar vasitəsi ilə həll yolunun tapılmasına sövq edəcək.
Hesabatda 44 günlük müharibənin bölgəyə və regionun hüdudlarından kənara təsirlərinə dair mülahizələr və fikirlər yer alıb.