İDMAN
AZƏRBAYCAN RESPUBLİKASININ GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİ ƏN YAXŞILARIN ADLARINI AÇIQLAMIŞDIR
Bakı, 24 dekabr (AZƏRTAC). “Buta Palas”da keçirilmiş təntənəli mərasimdə ən yaxşı idmançıların, məşqçilərin, komandaların və digər nominasiyalar üzrə qaliblərin adları açıqlanmışdır.
Təntənəli mərasim Azərbaycanın dövlət himninin səslənməsi ilə başlanmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin idman mütəxəssislərinə fəxri adların və fərdi təqaüdlərin verilməsi barədə Sərəncamları oxunmuşdur.
Gənclər və idman naziri Azad Rəhimov çıxışında qeyd etmişdir ki, Azərbaycan idmançıları 2009-cu ildə 619 medal qazanmışlar, onların 174-ü Olimpiya idman növlərində əldə edilmişdir. Bu il Azərbaycanın idman həyatı parlaq qələbələrlə yadda qalmışdır. İdmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurlar, bir sıra olimpiya komplekslərinin və idman mərkəzlərinin istifadəyə verilməsi, ölkəmizdə 30-dan çox beynəlxalq yarışın keçirilməsi – bütün bunlar Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin bədən tərbiyəsi və idmanın inkişafına daimi diqqətinin və qayğısının nəticəsidir.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə mərasimdəki çıxışında bildirmişdir ki, 2009-cu il Azərbaycan idmanı üçün çox uğurlu il olmuşdur. İdmançılarımız cari ili yüksək göstəricilərlə başa vurmuşlar. Çingiz Hüseynzadə qeyd etmişdir ki, Azərbaycan idmançıları bu il ilk dəfə olaraq ölkəmiz üçün əhəmiyyətli titulların sahibi olmuşlar. Kişilərdən ibarət şahmat üzrə yığma komandamız Avropa çempionu olmuşdur. Avarçəkənlərimiz Dünya və Avropa çempionatlarının medallarını qazanmışlar. Dörd “qızıl”, bir “gümüş” və bir “bürünc” medal əldə etmiş sərbəst güləşçilərimiz komanda hesabında Avropa çempionu adına layiq görülmüşlər. Danimarkanın Xerninq şəhərində sentyabr ayında keçirilmiş Dünya çempionatında qadınlardan ibarət güləş üzrə yığma komandamız birinci yeri tutmuşdur. Qadın gimnastlarımız və yüngül atletika üzrə idmançılarımız da yaxşı nəticələr göstərmişlər.
Çingiz Hüseynzadə Milli Olimpiya Komitəsinin prezidenti adından bütün idmançıları təbrik etmişdir.
Sonra ilin ən yaxşı idmançılarının adları açıqlanmışdır.
İlin ən yaxşı komandası dörd komandanın mübarizəsində finala çıxmaq hüququ əldə etmiş futzal üzrə “Araz” klubu olmuşdur. Avropa çempionu – kişilərdən ibarət şahmat üzrə yığmamız ilin ən intellektual komandası hesab edilmişdir. Day. az internet-portal ən yaxşı sayt hesab edilmişdir.
İlin ən yaxşı fəal veteranı Məmməd Hüseynov, idman tarixçisi Dilqəm Quliyev olmuşlar.
Ən yaxşı idman təşkilatı “Neftçi” İdman Sağlamlıq Mərkəzi, Lənkəran UGOEM-i isə ən yaxşı uşaq təşkilatı adlandırılmışdır.
Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilin ən yaxşı idman kompleksi hesab edilmişdir.
Gimnastika Federasiyası ilin ən yaxşı federasiyası, Firdovsi Umudov ən yaxşı məşqçi, gənclər və idman naziri Azad Rəhimov Azərbaycan idmançılarının sevimlisi adlandırılmışdır.
Sonra nazir Azad Rəhimov ilin ən yaxşı idmançılarının adlarını açıqlamışdır. Bu siyahıya yunan-Roma güləşi üzrə ikiqat dünya çempionu Fərid Mansurov, dünya çempionatının mükafatçısı, gimnast Aliyə Qarayeva, cüdo üzrə gənclər arasında Avropa birinciliyinin mükafatçısı Elmar Qasımov, yüngül atlet Ramil Quliyev, ağırlıqqaldıran Nizami Paşayev, şahmatçı Vüqar Həşimov, qadın güləşçi Mariya Stadnik, taekvondoçu Rəşad Əhmədov, avarçəkən Valentin Demyanenko və paralimpiyaçı Hüseyn Həsənov daxil edilmişlər.
######