İQTİSADİYYAT


ÖTƏN İL AĞDAŞDA ÜMUMİ MƏHSUL İSTEHSALI 1,6 DƏFƏ ARTMIŞDIR

Ağdaş, 24 fevral (AZƏRTAC). 2009-cu ildə Ağdaşda ümumi məhsul istehsalı 1,6 dəfə, sənaye məhsulları istehsalı 4 dəfə, pərakəndə əmtəə dövriyyəsi 10,4 faiz, əhalinin gəlirləri 26,7 faiz, adambaşına düşən gəlirlər 25,2 faiz, orta aylıq əmək haqqı isə 27,5 faiz artmışdır. Bütün maliyyə mənbələrindən əsas kapitala əvvəlki ildəkindən 2,6 dəfə çox- 98,1 milyon manat məbləğində investisiya qoyulmuş, 606-sı daimi olmaqla 1165 yeni iş yeri açılmışdır.

Bu faktlar Ağdaşda 2009-cu ilin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə hərs olunmuş hesabat yığıncağında səsləndirilmişdir.

Rayon icra hakimiyyətinin başçısı Rafiq Niftəliyev hesabat məruzəsində bildirmişdir ki, 95,5 milyon manatlıq tikinti-quraşdırma işləri görülmüşdür. Ağdaş şəhər, Yuxarı Qəsil və Aşağı Ləki kənd poçt şöbələri üçün yeni binalar tikilib istifadəyə verilmişdir. Olimpiya İdman Kompleksinin, Habil Əliyev adına musiqi məktəbinin, Yuxarı Ləki və Qaradeyin kəndlərində hər biri 320 yerlik məktəb binalarının tikintisi başa çatdırılmış, H.Əliyev prospektində və Vaqif küçəsində çoxmərtəbəli yaşayış binalarının tikintisi davam etdirilmiş, “Aqrotexservis” üçün yeni inzibati binanın və gübrə anbarının, Gürcuva kənd əsas məktəbi üçün 180 yerlik binanın inşasına başlanmışdır. Dəhnəxəlil, İkinci Aral, Yeniarx, Binələr, Davudlu, Cardam və Xosrov kəndlərinə uzun fasilədən sonra təbii qaz verilmişdir. Beləliklə, rayonda təbii qazla təmin olunan yaşayış məntəqələrinin sayı 34-ə, abonentlərin sayı isə 11447-yə çatdırılmışdır. Şəhərin bir sıra küçə və parkları abadlaşdırılmış, 30 minədək ağac, müxtəlif bəzək və gül kolları əkilmiş, yeni yaşıllıqlar salınmışdır.

Ağdaş şəhərinin içməli su sisteminin yenidən qurulması layihəsinin birinci mərhələsi başa çatdırılmışdır. Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkasına rayonun fermerləri tərəfindən 335 tona yaxın keyfiyyətli kənd təsərrüfatı məhsulları çıxarılmışdır.

Əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsi məqsədi ilə Orta Ləki, Aşağı Ləki və Ərəb kəndlərində həkim ambulatoriyaları tikilib istifadəyə verilmişdir. 2009-cu ildə Heydər Əliyev Muzeyində, rayon mədəniyyət evində, tarix-diyarşünaslıq muzeyində, 65 saylı şəhər kitabxanasında təmir-bərpa işləri həyata keçirilmişdir.

Tədbirdə bir sıra idarə və təşkilat rəhbərlərinin hesabatı dinlənilmiş, qarşıda duran vəzifələr müzakirə edilmişdir.

Yığıncaqda Prezident Administrasiyasının məsul əməkdaşı Rəhim Məmmədov çıxış etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.