İQTİSADİYYAT


AĞDAŞDA DÖVLƏT PROQRAMI UĞURLA İCRA OLUNUR

Ağdaş, 3 aprel (AZƏRTAC). Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı yanında şurada “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunları müzakirə olunmuşdur.

Rayon icra hakimiyyətinin başçısı Rafiq Niftəliyev ötən bir ildə görülmüş işlər barədə məruzə etmişdir. Bildirmişdir ki, regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında Ağdaş rayonu üçün 15 tədbirin icrası nəzərdə tutulmuşdur.

Həmin tədbirlərdən 7-nin icrasına 2009-cu ildə, 8-nin icrasına isə bu il başlanılmışdır. Proqrama uyğun olaraq rayonda təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin tikintisi, əsaslı təmiri, poçt və rabitə sisteminin müasirləşdirilməsi, şəhərdə küçələrin, su-kanalizasiya sisteminin, kəndlərdə isə kollektor-drenaj şəbəkələrinin, elektrik və qaz xətlərinin yenidən qurulması, taxılçılıq, pambıqçılıq və heyvandarlığın inkişaf etdirilməsi nəzərdə tutulmuşdur.

Hesabat ilində 606-sı daimi olmaqla 1165 yeni iş yeri açılmış, 95,5 milyon manatlıq tikinti-quraşdırma işləri görülmüşdür. Ağdaş şəhər, Yuxarı Qəsil və Aşağı Ləki kənd poçt şöbələri üçün yeni binalar, Olimpiya İdman Kompleksi, Habil Əliyev adına Musiqi Məktəbi, Yuxarı Ləki və Qaradeyin kəndlərində hər biri 320 yerlik məktəb binaları tikiilmiş, Heydər Əliyev prospektində və Vaqif küçəsində çoxmərtəbəli yaşayış binalarının tikintisi davam etdirilmiş, “Aqrotexservis” üçün yeni inzibati binanın və gübrə anbarının, Gürcuva kənd əsas məktəbi üçün 180 yerlik binanın inşasına başlanmışdır. Bundan əlavə, Dəhnəxəlil, İkinci Aral, Yeniarx, Binələr, Davudlu, Cardam və Xosrov kəndlərinə uzun fasilədən sonra təbii qaz verilmişdir. Ağdaş şəhərinin içməli su sisteminin yenidən qurulması layihəsinin birinci mərhələsi başa çatdırılmışdır. Orta Ləki, Aşağı Ləki və Ərəb kəndlərində həkim ambulatoriyaları tikilib istifadəyə verilmiş, Heydər Əliyev Muzeyində, rayon mədəniyyət evində, tarix-diyarşünaslıq muzeyində, şəhər kitabxanasında təmir-bərpa işləri aparılmışdır.

Tədbirdə bir sıra idarə və təşkilat rəhbərlərinin hesabatı dinlənilmiş, qarşıda duran vəzifələr müzakirə edilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.