CƏMİYYƏT
4-cü “Rəqəmsal jurnalistikaya doğru” proqramına start verilir
Bakı, 4 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı və Azərbaycan Beynəlxalq Bankının sponsorluğu ilə 4-cü “Rəqəmsal jurnalistikaya doğru” proqramına start verilir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, proqramda İKT, elektron xidmətlər və rəqəmsal həllər sahəsində öz biliklərini artırmaq istəyən jurnalistlər, media nümayəndələri və cəmiyyətin maarifləndirilməsinə töhfə vermək istəyən blogerlər iştirak edə bilərlər.
“Rəqəmsal jurnalistikaya doğru” proqramının əsas məqsədi kütləvi informasiya vasitələri nümayəndələrinin rəqəmsal həllər, elektron xidmətlər və rəqəmsal sahədə digər mövzular haqqında bilgilərini artırmaq, onların dəstəyi ilə cəmiyyətin, vətəndaşların maariflənməsinə töhfə verməkdir.
#Yeniliklərikəşfet devizi altında keçirilən “Rəqəmsal jurnalistikaya doğru” proqramı iki mərhələdən ibarətdir:
- Birinci mərhələdə seçilmiş iştirakçılar üçün xüsusi proqram üzrə təlimlər keçiriləcək. Təlimlər oktyabrın 24-dən 28-dək, həftəiçi 5 gün, saat 10.00 – 13.00 aralığında olacaq. Təlimlərdə jurnalistika və İKT sahəsində son trendlər, elektron dövlət layihələri və rəqəmsal həllər, informasiya təhlükəsizliyi, süni intellekt, blogerlik fəaliyyəti, sosial media, startaplar və digər mövzular yer alacaq.
- Proqramın ikinci mərhələsində isə təlimləri uğurla bitirmiş iştirakçılar arasında yazı müsabiqəsi keçiriləcək. Həmin hissədə iştirakçılar onlara təqdim olunan mövzular arasından seçim edərək araşdırma və maarifləndirici xarakterli məqalələr hazırlayacaqlar.
Müsabiqə iştirakçılarının yazılarını Münsiflər heyəti qiymətləndirəcək. İlk üç yerin qalibinə pul mükafatı veriləcək.
Mükafat fondu 2 min 200 AZN olan müsabiqədə I yerin qalibi – 1000, II yerin qalibi – 700, III yerin qalibi isə 500 manat məbləğində pul mükafatı alacaq.
Proqramı müvəffəqiyyətlə başa vuran iştirakçılar Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən xüsusi sertifikatla da təltif olunacaqlar.
Proqrama son müraciət tarixi oktyabrın 15-dir.
Müraciət linki: https://bit.ly/3fzzy0B
Layihə ilə bağlı ətraflı məlumat əldə etmək üçün: https://www.digital.gov.az/digitalazerbaijan
Əlavə suallar üçün [email protected]
Xatırladaq ki, bu, sayca 4-cü “Rəqəmsal jurnalistikaya doğru” proqramıdır. Layihə çərçivəsində 100-dən çox media nümayəndəsinə təlimlər verilib, sertifikatlar təqdim edilib.
Proqramın media tərəfdaşı “ASAN Radio”dur.