SİYASƏT
4 saylı Bakı “ASAN xidmət” mərkəzi fəaliyyətə başlamışdır VİDEO
Bakı, 15 may (AZƏRTAC, Sevinc İsgəndərova). Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bakı şəhər 4 saylı “ASAN xidmət” mərkəzi fəaliyyətə başlamışdır.
AZƏRTAC xəbər verir ki, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində, Sülh küçəsi 8A ünvanında yerləşən 4 saylı “ASAN xidmət” mərkəzi Sabunçu, Xəzər və Pirallahı rayonlarının ərazisində qeydiyyatda olan 408 min vətəndaşa xidmət göstərəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Anar Hüseynov jurnalistlərə açıqlamasında paytaxt üzrə “ASAN xidmət” şəbəkəsinin artıq yekunlaşdığını bildirmişdir. Bununla da Bakı şəhəri üzrə qeydiyyat məhdudiyyəti aradan qaldırılmışdır. Paytaxt sakinləri onlara yaxın olan mərkəzə müraciət edərək bu xidmətlərdən yararlana biləcəklər.
O bildirmişdir ki, Masallı, Bərdə və Sabirabad rayonlarında inşa olunan “ASAN xidmət” mərkəzlərinin cari il istifadəyə verilməsi nəzərdə tutulur.
4 saylı Bakı “ASAN xidmət” mərkəzi 5 mərtəbədən ibarətdir. Burada bir sıra innovativ yeniliklər tətbiq olunmuşdur. İnnovasiyalar otağında “ASAN ödəniş” portalı yaradılmışdır. Bu terminal vasitəsilə vətəndaşların həm nağd, həm də nağdsız ödəmə etmək imkanı vardır. Buradakı “HELP POİNT” avadanlığı da geniş funksiyalara malikdir. Bu avadanlıq vasitəsilə istirahət zonaları, gəzməli yerlər, restoranlar, dövlət qurumları, “ASAN xidmət” mərkəzləri haqqında informasiyalar və digər zəruri məlumatlar əldə etmək mümkündür. Mərkəzdə vətəndaşların rahatlığı məqsədi ilə “ASAN xidmət” mobil proqram təminatı yaradılmışdır. İnsanlar mobil telefon vasitəsilə müvafiq xidmətlə bağlı ərizələri elektron formada doldura bilərlər.
GPS Elektron Nəzarət Sistemi isə məhkumlar üzərində nəzarət tədbirlərinin asanlaşdırılmasına xidmət edir. Binanın 2-ci mərtəbəsində funksional yardımçı xidmətlər göstərilir. Mərkəzdə ilk dəfə olaraq UNİCEF ilə birgə Uşaq Hüquq Mərkəzi yaradılmışdır. 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin həyətində uşaqların yol hərəkət qaydalarını öyrənmələri üçün “Uşaq avtoşəhərciyi” də vardır.