İDMAN


50-dən çox idmançı qadın ABŞ Milli Olimpiya Komitəsinə qarşı iddia qaldırıb

Bakı, 16 mart, AZƏRTAC

Amerikalı idmançı qadınlar ABŞ Milli Olimpiya Komitəsinə (MOK), Komitənin keçmiş rəhbərliyinə və bir sıra yüksəkvəzifəli idman funksionerlərinə qarşı Kolorado ştatının Denver məhkəməsində iddia qaldırıblar.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, 51 idmançı qadının imzaladığı bu iddia idman məmurlarının fəaliyyətsizliyi ilə bağlıdır. Məmurlar bu qadınları ABŞ-ın idman gimnastikası üzrə qadınlardan ibarət yığma komandasının keçmiş həkimi Larri Nassar tərəfindən seksual təcavüzdən qoruya bilməyiblər.

Denver məhkəməsinə təqdim edilmiş sənədlərdə Nassarın 1990-cı illərin sonlarından etibarən gənc qadınlara qarşı təcavüzü ilə bağlı faktlar göstərilir. İddianı imzalayanlar onlara kompensasiya ödənilməsini və ABŞ MOK-da islahatlar aparılmasını tələb edirlər.

ABŞ-ın idman gimnastikası üzrə qadınlardan ibarət yığma komandası 1996-2005-ci illərdə məşqlərini Miçiqan ştatı Universitetində keçirib. Həmin dövrdə Nassar bu universitetin həkimi və dörd Olimpiya Oyunlarında milli komandanın fizioterapevti olub. Ötən ilin yanvar ayında Nassar idmançı qadınlara qarşı seksual təcavüzdə ittiham olunaraq 40 ildən 175 ilə qədər müddətə həbs cəzasına məhkum edilib. 150-dən çox qadın Nassara qarşı ifadə verib. Nassar özü isə 11 gimnast qadına münasibətdə seksual xarakterli hərəkətlər törətdiyini etiraf edib.

Nassarla bağlı əhvalatdan sonra ABŞ İdman Gimnastikası Federasiyasının prezidenti Kerri Perri istefa verməyə məcbur olub. “Ropes & Grayf” hüquq firmasının keçən ilin dekabr ayında dərc edilmiş 223 səhifəlik məruzəsindən aydın olur ki, ABŞ MOK rəhbərliyi Nassarın yetkinlik yaşına çatmamış şəxslərə qarşı təcavüzdə ittiham olunmasını bilib, lakin bu təcavüzün potensial qurbanlarını məlumatlandırmaq və ya onları müdafiə etmək üçün tədbir görməyib. Məruzə müəlliflərinin fikrincə, buna görə ən böyük məsuliyyət ABŞ MOK-un keçmiş rəhbəri Skott Bləkmunun üzərinə düşür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.