REGİONLAR


50 yaşlı Sumqayıt Dövlət Dram Teatrı yubiley astanasında...

Sumqayıt, 23 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Dövlət Dram Teatrı özünün yarım əsirlik yubileyini qeyd edir. Arxada uğurlu tamaşalar, festivallar, irəlidə isə çağdaş teatr prosesi ilə ayaqlaşa biləcək beynəlxalq layihələr...

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin 105 nömrəli 1968-ci il 12 mart tarixli qərarı və Mədəniyyət Nazirinin 1968-ci il 10 iyul tarixli əmri ilə gənclər və sənaye şəhərində ilk teatr yaradıldı. Sumqayıtın “Gənclik şəhəri” olduğunu nəzərə alaraq sənət ocağını da Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Gənclər Teatrı adlandırdılar. Görkəmli pedaqoq və rejissor Nəsir Sadıqzadə teatra baş rejissor təyin olundu. 1969-cu il martın 14-də Azərbaycan dramaturgiyasının banisi, böyük mütəfəkkir və dramaturq M. F. Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli şah” komediyası ilə teatr ilk tamaşasını təqdim edib. Sonradan ayrı-ayrı dövrlərdə teatrın adı dəyişsə də, yaradıcı heyətin sənət eşqi dəyişməz qalıb.

Artıq sumqayıtlıların həvəslə üz tutduğu, tamaşalarını səbirsizliklə gözlədiyi teatr 50 yaşını qeyd etmək ərəfəsindədir. Bu 50 illiyi səciyyələndirən və kollektivin qəlbini fərəh hissi ilə dolduran önəmli cəhət yubileyi gündən-günə abadlaşıb, gözəlləşən, yeni və müasir sima alan, yaşıllığı ilə göz oxşayan, hər kəsi heyran edən doğma Sumqayıtımızda tam müasir standartlara cavab verən, əsaslı təmir olunmuş və yenidən qurulmuş binada qarşılamaqdır.

Üstəlik Prezident İlham Əliyevin yaradıcı heyətə qayğısı truppaya yeni yaradıcılıq uğurları qazanmağa böyük stimul verir. Belə ki, bu günlərdə teatrın 3 əməkdaş “Əməkdar artist” fəxri adına layiq görülüb, 7 nəfər isə “ Tərəqqi” medalı ilə təltif edilib. Teatrın rəhbəri Əməkdar artist Mübariz Həmidovun müasir teatr idarəçiliyi metodu, baş rejissor Xalq artisti Firudin Məhərrəmovun yeni yaradıcılıq axtarışları əsas verir ki, teatrın perspektivli sabahı ilə bağlı daha xoş, daha nikbin əhval-ruhiyyədə olaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.