İDMAN
Azərbaycanın güləş üzrə yığmasının lideri Mariya Stadnik Avropa çempionudur
Bakı,1 aprel ( AZƏRTAC). Azərbaycan idmançısı Mariya Stadnik Almaniyanın Doptmund şəhərində keçirilən güləş üzrə Avropa çempionatının qızıl medalını qazanmışdır.
AZƏRTAC xəbər verir ki, Mariya Stadnik 48 kiloqrama qədər çəki dərəcəsində yarışan iştirakçıların hamısını üstələmiş və dördqat Avropa çempionu olmuşdur.
Azərbaycanın qadınlardan ibarət yığma komandasının ən çox medal qazanmış bu təmsilçisi ilk görüşdə İspaniya idmançısı Sara Mariya Sançes Paraya 3:0, 6:0 hesabı ilə qalib gəlmişdir. İdmançımız sonra Böyük Britaniya güləşçisi Yana Stadniki məğlub etmiş ( 3:0, 4:0), yarımfinalda isə Polşa təmsilçisi İvona Matkovskayadan üstün olmuşdur ( 3:0 və 4:3).
2009-cu ilin dünya çempionu Mariya Stadnik qitə birinciliyinin final qarşılaşmasında Ukrayna idmançısı Kristina Daraunutsa 6:0, 2:0 hesabı ilə qalib gəlmişdir. Həmin gün xalça üzərinə çıxmış Azərbaycanın digər idmançıları Anjela Doroqan ( 51 kq) və Kəmalə Əliyeva ( 55 kq) isə medal qazana bilməmişlər.
Aprelin 1-də qadın güləşçilər 59, 63, 67 və 72 kiloqram çəki dərəcələrində dörd medal dəsti uğrunda mübarizə aparacaqlar.