İDMAN
AGF Kuboku beynəlxalq turniri başa çatmışdır
Bakı, 25 aprel (AZƏRTAC). “Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycan Güləş Federasiyasının (AGF) Kuboku uğrunda sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında beynəlxalq turniri başa çatmışdır. AZƏRTAC xəbər verir ki, turnirin son günündə sərbəst güləş üzrə gənclər mübarizə aparmışlar.
Azərbaycan güləşçilərindən fəxri kürsünün ən yüksək pilləsinə Toğrul Əsgərov (60 kq) və Məhəmməd Müslümov (66 kq) qalxmışlar. Gümüş medallarla Əlisa Abbasov (50 kq), Hacı Əliyev (60 kq), Kamran Yunusov (74 kq), İlya Xamikoyev (84 kq) və Ali Maqomeddabirov (120 kq) təltif olunmuşlar. Bürünc mükafatlarla isə Ümüd Məmmədov (60 kq), Nurlan Hacıyev (66 kq), Sübhan İsmayılov (84 kq), Aslanbek Alborov (96 kq) kifayət olmuşlar.
Digər çəkilərdə isə 1-ci yerləri Nursultan Naizabekov (50 kq, Qazaxıstan), Batuxan Şrakpayev (55 kq, Qazaxıstan), Yakub Şıxcamalov (74 kq, Rusiya), Nader Hamedipur (84 kq, İran), Hamed Talebiazarrinkamar (96 kq, İran) və Jaber Sadahzade (120 kq, İran) tutmuşlar.
Xatırladaq ki, AGF Kuboku uğrunda beynəlxalq turnirdə ümumilikdə 13 ölkədən 600-dən artıq idmançı iştirak etmişdir. Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunmuşlar.