İQTİSADİYYAT
Z.Tağıyev-Sahil avtomobil yolu 2012-ci ildə istismara veriləcəkdir
Bakı, 1 may (AZƏRTAC). Z.Tağıyev-Sahil yolunun yenidən qurulması layihəsinə əsasən, uzunluğu 41,4 kilometr, torpaq yatağının eni isə 15 metr nəzərdə tutulan ikinci dərəcəli bu yol iki hərəkət zolağından ibarət olacaqdır. Layihənin icrasına ötən ilin aprel ayında başlanılmışdır.
“Azərinşaatservis” Məhdud Məsuliyyətli Cəmiyyətindən AZƏRTAC-a bildirmişlər ki, hərəkət zolağının hər birinin eni 3,75 metr olan bu avtomobil yolunda 11 körpünün əsaslı təmiri nəzərdə tutulmuşdur. Yolun üstündə 8 avtobus dayanacağı inşa ediləcəkdir. Torpaq işlərinin ümumi həcmi 984 kubmetr, asfalt işlərinin ümumi həcmi isə 305 min tondur.
Nəqliyyat Nazirliyinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sifarişi, Azərbaycanın dövlət büdcəsi və Dünya Bankının maliyyəsi ilə tikintisi davam etdirilən Z.Tağıyev-Sahil avtomobil yolunun 2012-ci ilin aprel ayında istismara verilməsi planlaşdırılır.