İQTİSADİYYAT
Ağdamda sosial-iqtisadi inkişaf uğurla davam edir
Ağdam, 16 iyul (AZƏRTAC). Ağdam Rayon İcra Hakimiyyətində 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, yığıncaqda rayon İcra hakimiyyəti başçısının müavini Arzu Rəhimova Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələrin icrası, ötən 6 ayda rayonda görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məruzə etmişdir.
Bildirilmişdir ki, hesabat dövründə rayonun sosial-iqtisadi inkişaf dinamikası saxlanılmış, ötən ilin birinci yarımili ilə müqayisədə ümumi məhsul buraxılışının həcmi 3 milyon 222 min manat artaraq 29 milyon 998 min manat olmuşdur. Bu dövrdə sənaye məhsulunun həcmi 1 milyon 864 min manat, kənd təsərrüfatı məhsullarının həcmi 18 milyon 926 min manat, ticarət dövriyyəsi 3 milyon 513 min manat olmuş, əsas kapitala 5 milyon 695 min manat vəsait yönəldilmişdir.
Ötən yarım ildə 368-i daimi olmaqla 789 yeni iş yeri açılmışdır. Rayon məşğulluq mərkəzinə müraciət edən 361 vətəndaşdan 100 nəfəri daimi işlə təmin olunmuşdur.
Rayonda aparılan tikinti-quruculuq və abadlıq işləri barədə məlumat verən natiq bildirmişdir ki, doğum evinin və uşaq xəstəxanasının tikintisi, mədəniyyət evinin əsaslı təmiri başa çatdırılmış, həyətlərində abadlıq işləri aparılmışdır. Bayraq meydanı yenidən qurulmuş, Əfətli uşaq musiqi məktəbi əsaslı təmir olunmuş, su-kanal, subartezian quyularının istismarı və sığorta idarələri üçün inzibati binalar istifadəyə verilmişdir. Olimpiya-İdman Kompleksinin stadionunda və tribunalarda əsaslı təmir işləri aparılmış, stadionun ot örtüyü dəyişdirilmişdir. Quzanlı qəsəbəsinin Heydər Əliyev prospektində və küçələrində abadlıq işləri davam etdirilmiş, yeni səkilər salınmış, işıqlandırma sistemi quraşdırılmış, 20 mindən çox ağac və bəzək kolları əkilmişdir.
Rayonda yolların təmirinə də xüsusi fikir verilmiş, Ayaq Qərvənd, Mirəşelli, Kolqışlaq və Təzəkənd kəndlərinə gedən yollar təmir olunmuşdur. Hesabat dövründə yeni salınmış köçkün qəsəbəsində və Çəmənli kəndində yeni elektron ATS-lər quraşdırılmışdir.
Məcburi köçkünlərin problemlərinin həlli istiqamətində görülən işlərdən danışan məruzəçi bildirmişdir ki, 87 köçkün ailəsinin evində təmir işləri aparılmışdır. Dördyol-Mamırlı ərazisində məskunlaşan məcburi köçkünlər üçün 932 ailəlik yeni qəsəbənin tikilməsi nəzərdə tutulmuşdur.
Rayon əhalisinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması məqsədilə 41 ədəd transformator və yarımstansiya avadanlığı təmir edilmişdir. Şəbəkə rayonu tərəfindən 2145 abonentə sayğac quraşdırılmış, 25 min 311 metr kabel xətti çəkilmişdir.
İlin birinci yarısında Quzanlı yeni qəsəbə, Birinci Dördyol, İkinci Dördyol, Təzəkənd qəsəbələrinə, İmanqulubəyli, Eyvazlı, Çullu, Təzəkənd, Hacıməmmədli, Evoğlu, Qaradağlı, Rzalar kəndlərinə təbii qazın çəkilişi başa çatdırılmış, 5 min ailəyə təbii qaz verilmişdir. Hazırda Mahrızlı, Zəngişalı, Ayaq Qərvənd kəndlərinə qaz çəkilişi davam edir.
Əhalinin içməli və suvarma suyuna olan tələbatının ödənilməsi məqsədilə Birinci Dördyol qəsəbəsində və Kolqışlaq kəndində subartezian quyuları qazılmış, Təzəkənd qəsəbəsinə 600 metr yeni su xətti çəkilmiş, 54 ədəd su nasosu, 35 ədəd transformator təmir olunmuşdur. Quzanlı qəsəbəsində yaşıllığın suvarılması üçün 400 metr su xətti çəkilmişdir. Şükürağalı kəndində su kəmərinin çəkilişi başa çatmaq üzrədir.
Yığıncaqda çıxış edənlər 2011-ci altı ayı ərzində görülmüş işləri ətraflı təhlil etmiş, uğurlarla yanaşı, problemləri də sadalamış, onların həlli üçün təkliflər irəli sürmüşlər.
Rayon İcra hakimiyyətinin başçısı Nizami Sadıqov qarşıda duran vəzifələrdən danışmışdır.