İDMAN
Azərbaycan güləşçisi Mariya Stadnik London Yay Olimpiya Oyunlarına vəsiqəni təmin etmişdir [YENİLƏNİB]
Bakı, 14 sentyabr (AZƏRTAC). İstanbulda keçirilən güləş üzrə dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, dünya çempionatının üçüncü günündə xalça üzərinə çıxan güləşçimiz Mariya Stadnik (48 kq) ardıcıl olaraq Patrisiya Bermudes (Argentina), Zılduz Yeşimova-Turtbayeva (Qazaxıstan) və Eseniya Kariponu (Venesuela) məğlub edərək dörddəbir final mərhələsinə vəsiqə qazanmışdır. Bu mərhələdə güləşçimiz ABŞ idmançısı Klarrisu Çun üzərində inamlı qələbə qazanaraq yarımfinala yüksəlməklə yanaşı, Azərbaycana 2012-ci ildə Londonda təşkil olunacaq Yay Olimpiya Oyunlarına 12-ci lisenziyanı qazandırmışdır.
Güləşçimizin yarımfinalda Kolumbiya idmançısı Karolina İdalqonu məğlub edərək finala vəsiqə qazanmışdır. Finalda M.Stadnikin rəqibi Sakamoto İbara (Yaponiya) olacaqdır.