İDMAN
Azərbaycan güləşçisi Mariya Stadnik Olimpiya lisenziyasını və Dünya Çempionatının gümüş medalını qazanmışdır
Bakı, 15 sentyabr (AZƏRTAC). Sentyabrın 14-də İstanbulda güləş üzrə Dünya Çempionatının üçüncü gününün döyüşləri başa çatmışdır. AZƏRTAC xəbər verir ki, qadın güləşçilərin yarışlarında 48 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Mariya Stadnik 1/32 finaldan mübarizəyə qoşulmuşdur. O əvvəlcə argentinalı Patrisiya Bermudesə (2:0, 6:0), Qazaxıstanı təmsil edən Zılduz Yeşimova-Turtbaevaya (3:0, 2:0) qalib gəlmişdir.
1/8 finalda Yeseniya Karipa (Venesuela) üzərində vaxtından əvvəl qələbəni qazanmış (5:0, 7:0) Stadnik dörddə bir finalda Klarissa Çundan (ABŞ) üstün olduğumu göstərmişdir (3:1, 2:0). Bu qələbə Stadnik üçün Olimpiya lisenziyasını təmin etmişdir.
Yarımfinalda kolumbiyalı rəqibi Karolina İdalqoya qalib gəlmiş (6:0, 4:0) Stadnik həlledici görüşdə Sakamoto İbaraya (Yaponiya) uduzmuş və gümüş medalı qazanmışdır.
Qadınlar arasında 51 kq çəki dərəcəsində Azərbaycanı Patimat Baqomedova təmsil edirdi. 1/8 finaldan mübarizəyə qoşulmuş Patimat Otqontsetseq Daavasuxa (Monqolustan) uduzmuşdur - 0:2, 1:1, 0:3.
Sonradan Daavasuxun finala çıxması Baqomedovanın təsəlli döyüşlərinə qoşulmasına imkan vermişdi. Patimat bu döyüşlərin birincisində Aleksandra Engelharta (Almaniya) vaxtından əvvəl qalib gələrək bürünc medal uğrunda mübarizədə Pati Nexanı (Hindistan) da üstələmiş həmin medalı qazanmışdır.
Beləliklə, bu Dünya Çempionatında bizim pəhləvanlarımız London Olimpiya oyunlarına 3 lisenziya qazanmışlar. Hazırda Azərbaycanın London Olimpiadasına vəsiqələrinin sayı 12-yə çatmışdır.