CƏMİYYƏT
53 mindən çox pirotexniki məmulatlar aşkar edilərək götürülüb VİDEO
Bakı, 26 dekabr, AZƏRTAC
Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bayram günləri ərəfəsində bəzi işbazlar Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydalarını pozmaqla, qaçaqmalçılıq yolu ilə mülki dövriyyəsi məhdudlaşdırılmış, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən pirotexniki və tezalışan mallar gətirməyə cəhd göstərirlər.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu kimi halların qarşısının alınması məqsədilə respublikamızın gömrük orqanları vaxtaşırı operativ əməliyyat tədbirləri həyata keçirir.
Bu günlərdə Bakı Baş Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən “Binə” və “Sədərək” ticarət mərkəzlərində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində külli miqdarda müxtəlif formalı pirotexniki məmulatlar aşkar edilib.
Belə ki, adıçəkilən ticarət mərkəzlərində həyata keçirilən əməliyyat zamanı müxtəlif formalı pirotexniki vasitələrin satışı ilə məşğul olan şəxslərdən ümumilikdə 53 min 200 ədəd bu kimi məhsullar aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.