CƏMİYYƏT
Prezidentin əhalinin sağlamlığının qorunmasına dair tapşırıq və göstərişləri Gəncədə uğurla icra olunur VİDEO

Gəncə, 17 fevral (Sabir Əliyev, AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə fevralın 17-dən mayın 1-dək respublika əhalisinin ümumi profilaktik müayinələrə cəlb olunması aksiyası Gəncə sakinləri tərəfindən də böyük rəğbətlə qarşılanmışdır.
Son illər Gəncənin səhiyyə ocaqlarında aparılan yenidənqurma işlərindən, eləcə də tibbi müayinələrin mütəşəkkil keçirilməsi üçün görülən hazırlıqdan danışan şəhər icra hakimiyyəti başçısının müavini Nizami Hacıyev AZƏRTAC-a demişdir ki, qısa vaxt ərzində tibb müəssisələri yenidən qurulmuş, xəstəxana və poliklinikaların maddi-texniki bazası möhkəmləndirilmişdir. Gəncədə Mərkəzi Klinik Xəstəxananın fəaliyyətə başlaması, Abbas Səhhət adına xəstəxananın, yoluxucu xəstəliklər xəstəxanasının, 6 saylı şəhər poliklinikasının, uşaq stomatoloji poliklinikanın əsaslı təmiri, eləcə də ölkə əhalisinin tibbi müayinədən keçirilməsi istiqamətində başlanan aksiya dövlətimizin başçısının insanların cansağlığının qorunması istiqamətində atdığı əməli addımlardandır. Aksiyanın mütəşəkkil keçirilməsi üçün ciddi hazırlıq işləri görülmüşdür. Bu məqsədlə tədbirlər planı hazırlanmış, komissiya və işçi qrupu yaradılmışdır. Müayinələrin şəhərdəki 5 səhiyyə ocağında keçirilməsi nəzərdə tutulmuş və aksiyaya tibbin bütün sahələri üzrə 400 nəfərədək həkim cəlb edilmişdir.
Sonra tibbi müayinələrin keçirildiyi 3 saylı poliklinikada olduq. Poliklinika 20 min 120 nəfərə o cümlədən 5 orta məktəb, 4 uşaq bağçası və 5 min nəfərə yaxın işçisi olan Gəncə avtomobil zavoduna xidmət göstərir. Adi günlərdən fərqli olaraq poliklinikada böyük izdiham yaşanırdı. İnsanlar ölkə başçısının tapşırığı ilə həyata keçirilən tibbi müayinələrdən yararlanmaq üçün qeydiyyatdan keçir və həkimlərin qəbuluna yollanırdılar. Burada onlar terapevtlər, nevropataloqlar, kardioloqlar, stomataloqlar, oftalmoloqlar tərəfindən hərtərəfli müayinə olunur, eləcə də ultrasəs müayinələrindən keçir, sağlamlıqları ilə bağlı məlumat əldə edirdilər.
Şəhərin 1, 2 və 6 saylı poliklinikalarında, eləcə də nikah və ailə məsləhətxanasında da eyni vəziyyətlə qarşılaşdıq. 2 saylı poliklinikanın şöbə müdiri Rüxsarə Tağıyeva kampaniyanın əhəmiyyətindən danışaraq dedi: - Əhalinin sağlamlığının qorunmasında əsas amillərdən biri də profilaktik müayinələrin keçirilməsidir. Söz yox ki, bütün ölkəni əhatə edən bu aksiya bir çox xəstəliklərin vaxtında aşkar edilməsində və müalicəsində əvəzsiz rol oynayacaqdır. Müayinədən keçən sakinlərdə hər hansı xəstəlik aşkar edilərkən həkimlərimiz xəstələri nəzarətə götürür və müalicə üçün lazımi məsləhətlər verirlər.