MƏDƏNİYYƏT
Mingəçevir Dövlət Dram Teatrının 45 illik yubileyi qeyd edilmişdir

Mingəçevir, 12 mart (AZƏRTAC). Mərziyyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrının yaranmasının 45-ci ildönümünü ilə əlaqədar tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasimdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndələri, mədəniyyət və təhsil işçiləri, tələbələr iştirak etmişlər.
Teatrın direktoru Həsən Həsənov bu münasibətlə yaradıcı kollektivi və tamaşaçıları təbrik edərək bildirmişdir ki, 1969-cu ildə C.Cabbarlının “Almas” pyesi ilə fəaliyyətə başlayan teatrın səhnəsinə ilk çıxan aktyorlar Mingəçevir Xalq Teatrının və o vaxtkı Azərbaycan Dövlət Teatr İnstitutunun məzunları olmuşlar. Yarandığı gündən repertuarında Azərbaycanın klassik və müasir dramaturgiyasını əsas götürən Mingəçevir Dövlət Dram Teatrı tanınmış rus və dünya yazıçılarının əsərlərinə də müraciət etmişdir.
Bildirilmişdir ki, teatr Gürcüstan və Dağıstana qastrol səfərləri etmiş, bir neçə dəfə respublika müsabiqəsinin iştirakçısı və qalibi olmuşdur. Həmçinin teatr Gəncə və Bakıda təşkil olunan milli teatr festivallarında da iştirak etmişdir. Mingəçevir Dövlət Dram Teatrı yerli sakinlərin sevimli mədəniyyət mərkəzinə çevrilmişdir.
Şəhər icra hakimiyyətinin, mədəniyyət və turizm şöbəsinin nümayəndələri çıxış edərək teatrının kollektivinə yeni tamaşalarla teatrsevərlərə daim maraqlı anlar yaşatmağı arzulamışlar.
Sonra tanınmış yazıçı-dramaturq Əli Əmirlinin “Mən səni sevirəm” pyesi əsasında eyniadlı ikihissəli lirik komediyası təqdim edilmişdir.
Məktəb həyatından, gənclərin cəmiyyətdə baş verən hadisələrə münasibətindən bəhs edən tamaşa böyük anşlaqla qarşılanmışdır.
Yubiley mərasimi yerli incəsənət ustalarının və rəqs qruplarının ifasında maraqlı proqramla davam etdirilmişdir.