İQTİSADİYYAT
“585” - “Daşınan şəhər telefon xidməti” müştərilərə rahatlıq, operativlik və sevinc gətirəcək
Bakı, 2 mart, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Aztelekom” İstehsalat Birliyi innovativ texnologiyaların tətbiqi nəticəsində sabit telefon şəbəkəsi tarixində ilk imza atıb.
“Aztelekom” İstehsalat Birliyindən AZƏRTAC-a bildiriblər ki, daim müştərilərinə keyfiyyətli xidmətlər göstərməyi hədəfləyən “Aztelekom” İB bu siyahıya növbəti xidməti əlavə edib. Artıq “585” - “Daşınan şəhər telefon xidməti” müştərilərə rahatlıq, operativlik və sevinc gətirəcək.
Bakı şəhər şəbəkəsi statusuna malik sabit telefonlar artıq bölgələrdə də 585 indeksi ilə eyni statusla işləyəcək. Belə ki, regionlardakı hər bir müştərilər Bakı şəhər telefonlarından istifadə edə biləcək. Alternativi olmayan bu xidmət nəticəsində Bakı şəhər telefon nömrəsi respublika ərazisində istənilən yerə daşınacaq. Şəhərlərarası, şəbəkə daxili və simsiz telefon şəbəkəsi (CDMA) ilə ödənişsiz danışıqlar aparmaq mümkün olacaq. Bununla da daha dayanıqlı rəqəmsal rabitə yaranacaq və rabitə sahəsində ilk dəfə “şəhər-kənd” arasında rəqəmsal uçurum yox olacaq.
Daşınan telefonlarla respublikanın bütün (Naxçıvan MR istisna olmaqla) ərazisində bir-biri ilə limitsiz və pulsuz danışmaq mümkündür. Ayda 15 manat abunə haqqı ödəməklə hər bir müştəri 585 indeksi ilə telefonlara sahib ola bilər.