İDMAN
Finlandiyada keçiriləcək güləş üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanmışdır
Bakı, 27 mart (AZƏRTAC). Aprelin 1-dən 6-dək Finlandiyanın Vantaa şəhərində güləş üzrə Avropa çempionatı keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, çempionat öncəsi - martın 31-də Avropa Güləş Federasiyasının (CELA) konfransı keçiriləcəkdir.
İclasda Azərbaycan Güləş Federasiyasının (AGF) birinci vitse-prezidenti, Beynəlxalq Güləş Federasiyasının (FİLA) İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev də iştirak edəcəkdir. Həmin gün Olimpiya dərəcəsi almaq üçün beynəlxalq dərəcəli hakimlərin imtahanı da keçiriləcəkdir. AGF-nin baş katibi Əjdər Cəfərov FİLA Hüquq Komissiyasının üzvü kimi imtahanın gedişinə nəzarət edəcəkdir.
Məşqçilər korpusu tərəfindən Avropa çempionatında iştirak edəcək sərbəst, yunan-Roma və qadın güləşi üzrə Azərbaycan yığma komandalarının heyəti müəyyənləşmişdir.
Sərbəst güləş üzrə yarışlarda ölkəmizi Qalib Əliyev (57 kq), Hacı Əliyev (61 kq), Toğrul Əsgərov (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Cəbrayıl Həsənov (74 kq), Həmzət Osmanov (86 kq), Xetaq Qazyumov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) təmsil edəcəklər. Yığma komanda baş məşqçi Semyon Çterev və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında çempionatda iştirak edəcəkdir.
Qadın güləşi üzrə yarışlarda baş məşqçi Yaqub Məmmədov və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında yığma komandanın heyətinə Mariya Stadnik (48 kq), Patimat Baqomedova (53 kq), İrina Netreba (58 kq), Yuliya Ratkeviç (60 kq) və Nadya Sementsova (69 kq) daxil edilmişlər.
Yunan-Roma güləşi üzrə yığma komandanın baş məşqçisi Cəmşid Xeyrabadinin rəhbərliyi altında məşqçilər korpusu Kamran Məmmədov (59 kq), Həsən Əliyev (66 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), Saman Təhmasibi (85 kq), Şalva Qadabadze (98 kq) və Sabah Şəriətiyə (130 kq) şans verəcəklər.
Çempionatın proqramına əsasən, aprelin 1-4-də sərbəst və qadın güləşi üzrə, ayın 5-6-da isə yunan-Roma güləşi üzrə yarışlar keçiriləcəkdir.
Görüşlərin idarə olunmasında ölkəmizi Olimpiya dərəcəli hakim Hicran Şərifov təmsil edəcəkdir.