DÜNYA
“5G” sənayedə yeni sahələr yaradacaq
Bakı, 3 fevral, AZƏRTAC
“Qualcomm Technologies” şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) dünya iqtisadiyyatına və sosial sahəyə təsirini əks etdirən “5G Economy” tədqiqatının nəticələrini dərc edib. Bu, “IHS Market”, “PSB” şirkətlərinin və Kaliforniya “Tusher Center” biznes məktəbinin professoru və “Berkeley Research Group” şirkətinin baş icraçı direktoru Devid Tisin birgə hesabatıdır.
AZƏRTAC “Telecom Daily” resursuna istinadən xəbər verir ki, hesabata görə, “5G”nin təşəkkülü ilə mobil texnologiyalar istehlak sektoru, energetika və maşınqayırma kimi baza infrastrukturları üçün əsas olacaq, yeni sənaye sahələrinin və yeni iqtisadiyyatın yaranmasına yol açacaq. “5G” yeni texnologiya uyğunluğu və insanları bütün qurğulara qoşan vahid şəbəkə yaratmağa imkan verəcək.
Tədqiqatın nəticələrinə görə, “5G”nin iqtisadi potensialının dünyada tam həyata keçiriləcəyi 2035-ci ildə geniş spektrli sahələr - pərakəndə satış, təhsil, nəqliyyat və əyləncə sahələri “5G” sayəsində 12,3 trilyon dollarlıq məhsul və xidmətlər istehsal edə biləcək.
2035-ci ildə “5G”dən əldə olunan qazanc 3,5 trilyon dollar təşkil etməklə 22 milyon iş yeri yaradılacaq.
“PSB” tərəfindən keçirilən iqtisadi tədqiqatı tamamlayan sorğu təsdiq edib ki, dünyada biznes sahəsi üzrə qərarlar qəbul edən nümayəndələr və ictimai fikir liderləri “5G”nin cəmiyyət və iqtisadiyyat üçün faydalı islahatlara xidmət edərək yeni məhsullar və xidmətlər yaratmağa, məhsuldarlığı artırmağa və yeni sənaye sahələri formalaşdırmağa imkan verəcəyini gözləyirlər. Rəyi soruşulan 3500 respondentin 90 faizindən çoxu “5G”nin hazırda mövcud olmayan yeni məhsul, xidmət və istifadə variantlarının yaranmasını mümkün edəcəyinə inandığını bildirib.