İDMAN
5 MART BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN GÜNÜDÜR
BU MÜNASİBƏTİLƏ BAKIDA YÜRÜŞ KEÇİRİLMİŞ, İDMANÇILARIN NÜMUNƏVİ ÇIXIŞLARI VƏ KONSERT OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, iki ildir ölkəmizdə qeyd olunan Bədən tərbiyəsi və idman günü münasibətilə martın 5-də Fəxri xiyabandan Tofiq Bəhramov adına Respublika stadionunadək estafet yarışı keçirilmişdir.
Əvvəlcə idman ictimaiyyətinin, müvafiq qurumların nümayəndələri Fəxri xiyabana gəlmiş, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil qoymuşlar.
Onlar oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri düzmüşlər.
Xatırladaq ki, ümummilli liderimizin gənclər və idman siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev 2005-ci il martın 4-də “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında Sərəncam imzalamışdır.
Bu bayramın martın 5-də qeyd olunması heç də təsadüfi deyildir. Belə ki, 1995-ci ilin həmin günü ulu öndərimiz, Azərbaycan idmanının himayədarı Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşmüş, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyaraq İdman Fondunu təsis etmişdir.
Ötən il Azərbaycan idmançılarının müxtəlif yarışlarda - dünya və Avropa çempionatlarında 287 medal qazanması dövlətin bu sahəyə göstərdiyi yüksək qayğı və diqqətinin nəticəsidir.
43 komandanın yarışdığı estafetin qalibi isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının atletləri olmuşlar. “Təhsil” Respublika İdman Mərkəzi ikinci, Hərbi Dəniz Qüvvələrinin komandası isə üçüncü yeri tutmuşdur.
Bədən Tərbiyəsi və İdman günü münasibətilə müxtəlif idman federasiyalarının komandaları Milli Parkda öz məharətlərini nümayiş etdirmişlər.
Gənclər və idman naziri Azad Rəhimov idmançıların nümunəvi çıxışlarını izləmiş, onları bayram münasibətilə təbrik etmiş və gələcək yarışlarda uğurlar arzulamışdır. İdmançılar dövlətimizin onlara göstərdiyi diqqət və qayğıdan danışmış və beynəlxalq turnirlərdə ölkəmizi layiqincə təmsil edəcəklərinə söz vermişlər.
Milli Parka gələnlər karateçilər, otüstü xokkeyçilər, futbolçular, motobolçular, alpinistlər, həndbolçular və boksçuların çıxışlarını maraqla izləmişdir.
Beynəlxalq qrossmeysterlər Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov gənc şahmatçılar üçün xüsusi seanslar keçirmişlər.
Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbirlər Milli Parkda maraqlı konsert proqramı və atəşfəşanlıqla başa çatmışdır.