ELM VƏ TƏHSİL


“5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı” başa çatıb

Bakı, 29 sentyabr, AZƏRTAC

Bakıda keçirilən “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı”nın (“EaPEC 2022”) sentyabrın 29-da bağlanış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə 50-yə yaxın ölkəni, o cümlədən müvafiq beynəlxalq təşkilatları və nüfuzlu xarici şirkətləri təmsil edən alim və mütəxəssislər, AMEA-nın elmi-tədqiqat institutlarının nümayəndələri, eləcə də digər aidiyyəti şəxslər iştirak ediblər.

Bağlanış mərasimində çıxış edən GEANT-ın ictimaiyyətlə əlaqələr üzrə baş direktoru Paul Roz belə bir nüfuzlu tədbirin keçirilməsinin Şərq Tərəfdaşlığı ölkələri arasında elm və təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi və gücləndirilməsi baxımından son dərəcə vacib olduğunu qeyd edib. O, konfrans çərçivəsində iki gün ərzində iştirakçı ölkələrdən olan xüsusi ekspertlərin aktual elmi problemlərə həsr olunmuş məruzələrinin dinlənildiyini söyləyıb, tədbirdə mühüm məsələlər üzrə təcrübə və fikir mübadiləsinin aparıldığını vurğulayıb.

Polşanın Poznan Superhesablama və Şəbəkələşmə Mərkəzinin Şəbəkə və Xidmət İnfrastrukturu Departamentinin rəhbəri Raimundas Tuminauskas tədbirin müxtəlif ölkələrdən olan alim və mütəxəssislər arasında əməkdaşlıq əlaqələrinin inkişafına mühüm töhfə verəcəyini deyib, iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

R.Tuminauskas konfransda müxtəlif mövzular üzrə aparılmış səmərəli müzakirələr nəticəsində yeni elmi tədqiqatların və layihələrin əsasının qoyulacağına inamını ifadə edib.

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən “EaPConnect” layihəsi çərçivəsində reallaşdırılan bu mötəbər tədbirin keçirilməsinin əhəmiyyətindən bəhs edib. Akademik qeyd edib ki, tədbirin təşkilində əsas məqsəd Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu dövlətlərin Avropa ictimaiyyətinə inteqrasiyasının sürətləndirilməsidir.

Akademik R.Əliquliyev konfransda elm və təhsil üçün böyük əhəmiyyət kəsb edən, qlobal çağırışlar və rəqəmsal transformasiyalar kontekstində “Open Science”, “e-learning”, “Big Data”, “Cybersecurity”, “High-performance computing”, “Digital Humanities” və s. kimi problemlərə dair məruzələrin dinlənildiyini diqqətə çatdırıb. Akademik, həmçinin konfransın istiqamətləri üzrə yüksəkixtisaslı kadrların yetişdirilməsinin həlli vacib məsələlərdən olduğunu bildirib.

İnstitutun baş direktoru “EaPEC 2022”nin uğurla başa çatdığını, tədbirin Azərbaycan elmi və təhsilinin inkişaf perspektivlərinin müəyyənləşdirilməsi, Azərbaycanın Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, tədqiqatçıların Avropanın elm və təhsil sahəsindəki resurs və xidmətlərindən daha səmərəli istifadəsinin təmin edilməsi baxımından geniş imkanlar açdığını söyləyib.

AMEA-nın vitse-prezidenti konfransda müzakirələr nəticəsində irəli sürülən dəyərli fikirlərin ölkəmizdə bu sahədə mövcud problemlərin həllinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

GEANT-ın baş direktoru Erik Huizer konfransa müxtəlif ölkələrin dövlət, elm və təhsil müəssisələrindən elmi məruzələrin təqdim olunduğunu söyləyib. O, tədbirin “E-təlim, e-bacarıqlar: təhsil və tədqiqatın inkişaf etdirilməsi”, “Açıq Elm: əməkdaşlıq və biliyin yayılması”, “Elm və təhsil üçün kibertəhlükəsizlik” və “Big Data və yüksək məhsuldarlıqlı kompüterlər”, “İKT innovasiyaları: Əşyaların interneti, süni intellekt və avtomatlaşdırma”, “Yerin müşahidəsi və texnologiyadan ictimai istifadə”, “E-səhiyyə – səhiyyə və elmi tədqiqat üçün texnologiya” və digər seksiya iclaslarında mühüm elmi problemlərdən və onların həll yollarından bəhs olunduğunu, ətraflı müzakirələrin aparıldığını diqqətə çatdırıb.

E.Huizer konfransın yüksək səviyyədə təşkilinə görə İnformasiya Texnologiyaları İnstitutuna, eləcə də digər müvafiq qurumlara minnətdarlığını bildirib.

“Ümid edirik ki, konfransdan sonra Azərbaycan və Avropa Birliyi arasında dayanıqlı elmi əməkdaşlıq əlaqələrinin təşkili istiqamətində ciddi uğurlar əldə olunacaq, müxtəlif fəaliyyət sferaları arasında inteqrasiya daha da dərinləşəcək”, – deyə E.Huizer əlavə edib.

“EapConnect” layihəsinin meneceri İrina Metyu Şərq Tərəfdaşlığı ölkələrində tədqiqat və təhsil ictimaiyyətinin əlaqələndirilməsi məqsədilə təşkil olunan, e-elm və e-infrastruktur məsələlərinin müzakirə olunduğu “EaPEC 2022” konfransının Şərq Tərəfdaşlığı ölkələri arasında əlaqələrin yüksələn xətlə inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

Bağlanış mərasimində, həmçinin konfransın seksiya iclaslarının sədrləri çıxış edərək təqdim olunmuş məruzələri yüksək qiymətləndiriblər, tədbirin geniş fikir, bilik və təcrübə mübadiləsinin aparılması, mövcud elmi problemlərin həlli üçün yeni imkanların yaranması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.