ELM VƏ TƏHSİL


5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yeni tədris binası əsaslı təmirdən sonra istifadəyə verilib

Bakı, 11 sentyabr, AZƏRTAC

Sentyabrın 11-də Təhsil Nazirliyinin 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Bakı şəhəri, Nəsimi rayonu Bülbül prospekti, 89 ünvanında yerləşən tədris binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Mərkəzdə uşaq və gənclərin yaradıcı təxəyyülünün inkişafı üçün hər cür şərait yaradılıb. Layihəyə uyğun olaraq, binanın 1-ci mərtəbəsində məşğələ və inzibati otaqlar, akt zalı, mətbəx, 2-ci mərtəbəsində isə məşğələ və köməkçi otaqlar fəaliyyət göstərir.

Təhsil nazirinin müavini Firudin Qurbanov yeni tədris binasının şəraiti ilə tanış olub, mərkəzin fəaliyyətinə uğurlar arzulayıb. Nazir müavini məktəbdənkənar təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərin uşaq və gənclərin yaradıcılıq imkanlarına, bilik və bacarıqlarının inkişaf etdirilməsinə, onların hərtərəfli inkişafına əhəmiyyətli təsir edəcəyini vurğulayıb. Firudin Qurbanov qeyd edib ki, uşaq, yeniyetmə və gənclərin maraq, meyil və bacarıqlarının müəyyənləşdirilməsi, onların yaradıcılığının, asudə vaxtının təşkilinin, fiziki inkişafının dəstəklənməsi, məktəbdənkənar təhsilin istiqamətləri üzrə keyfiyyətin yüksəldilməsi, qazanılan nailiyyətlər ölkəmizdə təhsil sahəsinə, o cümlədən məktəbdənkənar təhsilə göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Nazir müavini xüsusi karantin rejimi dövründə inkişaf mərkəzində təlim-tərbiyə prosesinin, distant təhsil formasının təşkili ilə bağlı tövsiyələr verib, habelə təhsilverənlərin yaşı və sağlamlıq vəziyyətinə görə koronavirus (COVID-19) xəstəliyinə yoluxma riskinin yüksək olmasından asılı olaraq, təlim-tərbiyə prosesinə cəlb edilməsi məsələlərinin təlimin və tədrisin təşkili zamanı nəzərə alınmasını xüsusi vurğulayıb.

Qeyd edək ki, 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən 22 dərnəkdə 2000 uşaq məşğul olur, 78 nəfər pedaqoji işçi çalışır. 1992-ci ildən fəaliyyət göstərən Mərkəz respublika və beynəlxalq səviyyəli tədbirlərdə uğurla iştirak edib, müəssisənin yetirmələri müsabiqə, sərgi və festivallarda diplom, fəxri fərman və sertifikatlara layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.