60 İLDƏN SONRA TƏLTİF OLUNDU
1918-ci ildə Ermənistanın Basarkeçər rayonunda anadan olan Mehdi Mehdiyev 1941-ci ildə elə oradan da müharibəyə yollanmışdır. Kəşfiyyat eskadrilyasının tərkibində dəfələrlə şücaət göstərmişdir. Onun sonuncu döyüşü Jitomir şəhəri ətrafında olmuşdur. Bu döyüşlərdə fərqlənən əsgər orden və medallara layiq görülür. Müharibədən sonra SSRİ Müdafiə Nazirliyi həmin mükafatları təqdim etmək üçün Ermənistanın Basarkeçər rayonuna məktub göndərir, lakin 1948-ci ilin deportasiyasına məruz qalan Mehdi artıq həmin dövrdə Azərbaycana köçmüşdü. Odur ki, məktuba “Burada belə bir adam yaşamır” cavabı verilir. Təltif olunduğu orden və medalların yalnız sənədlərini qoruyub saxlayan Mehdi Mehdiyev 60 ildən sonra Sovet Ordusunun Mərkəzi Arxivinə müraciət edir. Aldığı şad xəbər bu qocaman döyüşçünü sevindirmişdir. İndi 85 yaşlı Mehdi Mehdiyev müharibə xatirələrini nəvə-nəticələrinə həvəslə danışır.