REGİONLAR


68 yaşlı çoban Kəklik uzun illər sonra sürülərini yenidən Kəlbəcər yaylaqlarına aparıb FOTO VİDEO

Ağcabədi, 9 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Kəlbəcər yaylaqlarında yaylaq mövsümü başa çatır - qoyunçuluq təsərrüfatları artıq qışlaqlara qayıdır. Bu il Ağcabədi rayonunun təsərrüfatları da 30 ildən sonra ilk dəfə Kəlbəcər yaylaqlarına gediblər. Belə təsərrüfatlardan biri də fermer Kəklik Əhmədovaya məxsusdur.

O, 1954-cü ildə Ağcabədi rayonunun Hüsülü kəndində çoban ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra atası çoban Talışın yolunu davam etdirib. 1973-cü ildən kolxozda çoban kimi fəaliyyətə başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində sovetlər dövründə hər il sürünü Kəlbəcər yaylaqlarına apardıqlarını deyən Kəklik Əhmədova o günləri yada salıb: “Yay fəslini Kəlbəcər rayonunun Yüzbulaq yaylağında keçirər, havalar soyuyanda isə Ağcabədiyə qayıdardıq. Qoyunlar çayların sərin suyundan içib, kəklikotulu çəmənliklərdə otlayardılar. Axırıncı dəfə 1991-ci ildə getmişdik Kəlbəcər yaylaqlarına. Yaylaqlarımız 30 il işğal altında qaldı. Biz həmin yerlərə həsrət qalmışdıq. Axır ki, illərdir həsrət qaldığımız dağlarımıza gedə bildik. Prezidentimiz çox böyük hünər göstərdi. İşğal altında qalan torpaqlarımız yenidən bizə qaytardı. Çox şadıq ki, 30 ildən sonra həsrət qaldığımız dağlarımızı, çaylarımızı, yaylaqlarımızı, qalaqlarımızı, bulaqlarımızı gördük. Əllərimizi göyə açıb Allaha şükür etdik”.

Artıq Ağcabədiyə qayıdan 68 yaşlı Kəklik nənə builki yaylaq həyatından bəhs edərək deyib: “Getdik çadırlarımızı qurduq. Bulaqlarımızın gözü dolmuşdu, qalaqlarımız uçmuşdu. Bulaqların gözünü açdıq. Qoyunlarımız gül-çiçəkli çəmənlərdə otlayır, buz kimi sulardan içirdilər. Kəklikotu, qırxbuğum, əvəlik və digər bitkilərdən yığdıq, pendir düzəltdik. O yerlərin havası insana qüvvət verir. Yay fəsli necə keçdi, bilmədik. Prezidentimizə, ordumuza minnətdaram. Allah şəhidlərimizə rəhmət eləsin”.

Qeyd edək ki, işğaldan azad edilmiş Kəlbəcər rayonunda heyvandarlığın inkişafı üçün böyük potensial mövcuddur. Kəlbəcər yaylaqları sovetlər dövründə heyvan sürülərinin əsas köç yeri olub. Rayonun Sarıyer, Söyüdlü, Qoşadaş və digər yaylaqlarında zəngin ehtiyat bitki örtüyü mövcuddur. İşğaldan əvvəlki dövrlərdə Azərbaycanın 30-dan artıq rayonunun heyvandarlıq təsərrüfatı mövsüm zamanı bu yaylaqların imkanından yararlanıb. Torpaqlarımız işğaldan azad edildikdən sonra artıq ikinci ildir ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qoyunçuluq və arıçılıq təsərrüfatlarının Kəlbəcər yaylaqlarına köçü təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.