İQTİSADİYYAT
6 ay ərzində Avtomobil Yolları Dövlət Agentliyi 23 layihə üzrə tikinti və yenidənqurma işlərini başa çatdırıb
Bakı, 18 iyul, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 2018-ci ilin 6 ayının yekunlarına və qarşıda duran vəzifələrin icrasına həsr olunan iclas keçirilib. İclas iştirakçıları öncə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.
Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, cəmiyyətin akt zalında keçirilən iclası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov açıb.
Saleh Məmmədov ölkə başçısının sədrliyi ilə 2018-ci il yanvarın 10-da keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında, Prezidentin iqtisadiyyatın bütün sahələri ilə yanaşı, respublikanın avtomobil yollarında yerinə yetirilən işlərdən də danışdığını, 500 məntəqəni əhatə edən 1300 kilometr uzunluğunda yol salındığını, bunun çox böyük göstərici olduğunu xüsusi olaraq vurğuladığını və 2018-ci ildə Dövlət Agentliyinin kollektivi qarşısında ən azı 600 kəndi əhatə edəcək 2000 kilometrdən artıq avtomobil yolu çəkilməsi kimi çox məsuliyyətli tapşırıq qoyduğunu qeyd edib.
Saleh Məmmədov vurğulayıb ki, dövlət başçısının tapşırığının icrası ilə əlaqədar olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2018-ci il üçün tərtib edilmiş Tədbirlər Planına əsasən uzunluğu 415,2 kilometr olan respublika əhəmiyyətli 11, Bakı şəhəri üzrə uzunluğu 107,8 kilometr olan 13 və uzunluğu 1527,8 kilometr olan 67 kəndlərarası avtomobil yolu və 2 körpünün bərpası, Sumqayıt şəhərində 2 prospekt və 2 küçənin yenidən qurulması və Bakı şəhərində 5 ədəd piyada keçidinin tikintisi layihəsinin yerinə yetirilməsi nəzərdə tutulurdu.
İdarə Heyətinin sədri əlavə edib ki, bu layihələrin həyata keçirilməsi nəticəsində 702 yaşayış məntəqəsində yaşayan 2,7 milyon nəfər əhalinin 2050,8 kilometr uzunluğunda rahat avtomobil yollarından istifadə edilməsi təmin olunacaq. Bundan əlavə, dövlət başçısının tapşırığı ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisinə də başlanılıb və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi tərəfindən 2018-ci ilin 6 ayı ərzində uzunluğu 463,8 kilometr olan avtomobil yolu, prospekt və küçə tikilib, yenidən qurulub, ümumi istifadədə olan avtomobil yollarında qəzalı vəziyyətə düşmüş 7 körpü təmir olunub.
İclasda qeyd olunub ki, ümumilikdə 2018-ciin 6 ayı ərzində Prezidentin imzaladığı Sərəncamlara uyğun olaraq, respublikanın 17 rayonunda 23 layihə, o cümlədən 2 respublika əhəmiyyətli, 17 kəndlərarası, 1 Bakı şəhərinin qəsəbələrarası, 1 tunel tipli yol qovşağı və Sumqayit şəhərində 2 avtomobil yolu layihələri üzrə tikinti və yenidənqurma işləri artıq başa çatdırılıb.