REGİONLAR
700 bal toplayan Selcan Məmmədli: Sinif yoldaşlarımız arasındakı sağlam rəqabət mənə bir stimul oldu VİDEO
Gəncə, 30 iyul, Rauf Hacıyev, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən respublikanın ali məktəblərinə keçirilən qəbul imtahanlarında 700 bal toplayan, yəni maksimum nəticə göstərən abituriyentlərdən biri də Gəncə şəhər İsrafil Məmmədov adına 27 saylı fizika-riyaziyyat-kimya təmayüllü məktəb-liseyin məzunu Selcan Məmmədlidir.
DİM tərəfindən keçirilmiş birinci imtahanda 676 bal toplamış Selcan Məmmədli iyulun 26-da təşkil edilmiş ikinci imtahanda 700 bal nəticə göstərib. Bu göstərici ilə Selcan Məmmədli həm bu il ali məktəblər üçün keçirilmiş qəbul imtahanlarında iştirak etmiş 70 min tələbə içərisində maksimum nəticə göstərən 19 abituriyentdən biri olmağı bacarıb, həm də Gəncə şəhərindən 700 bal toplayan yeganə abituriyent olub.
Qazandığı böyük uğurun sevincini bölüşmək üçün məzunu olduğu məktəbə gələn Selcan Məmmədli təhsil ocağında AZƏRTAC-ın bölgə müxbiri ilə görüşüb, təəssüratlarını paylaşıb. Hər zaman Selcana dəstək olan valideynləri də onu bu sevincli günündə tək qoymayıblar.
Selcanın atası, hazırda Aqrar Universitetin dosenti olan Mahil Məmmədov deyir ki, övladlarının ilk uğurları hələ çox kiçik yaşlarından, bağça illərdən başlayıb. İngilis dili təmayüllü bağçaya gedən Selcan erkən yaşlarından xarici dildə sərbəst danışmağı ilə hər kəsi təəccübləndirməyi bacarıb. Sonrakı illərdə də elmə, təhsilə həvəsli olan Selcan orta məktəbi əla qiymətlərlə oxuyub. Qızlarının təhsilə marağını hiss edən valideynlər övladlarının yaxşı təhsil alması üçün ona həmişə mənəvi dəstək olublar.
Mahil Məmmədov bildirir ki, Selcan 9-11-ci sinifdə oxuduğu dövrdə daha çox zəhmət çəkib. Bununla belə o qarşısına hər hansı böyük məhdudiyyətlər qoymayıb. Amma vaxtının böyük hissəsini dərslərini oxumağa, bildiyi dərsləri təkrarlamağa, yaxud müəllimlərinin tapşırıqlarını yerinə yetirməyə ayırıb. Həmçinin müntəzəm olaraq ayrı-ayrı sınaqlarda iştirak edib və biliyini yoxlayıb. Mahil Məmmədov övladının maksimum nəticə göstərməsində qızının tez-tez sınaqlarda iştirak etməsinin böyük rol oynadığını söyləyir.
27 saylı fizika-riyaziyyat-kimya təmayüllü liseyin direktor müavini Şahin Əzizzadə məzunlarının yüksək nəticə göstərməsini liseyin ənənələri və burada işləyən yüksək savadlı, peşəkar pedaqoqların olması ilə izah edir. Məktəbin direktor müavini bu cür nailiyyəti əldə etmək üçün Selcanın böyük səylə çalışdığını da xüsusi vurğulayır.
Öz ailəsinə, doğulub boya-başa çatdığı şəhərə böyük sevinc bəxş etdiyinə görə Selcan Məmmədli xoşbəxt olduğunu və qürur hissi keçirdiyini deyir. Selcan bütün uğurlarına görə ona mənəvi dəstək olan valideynlərinə və elmin, təhsilin sirlərini öyrədən müəllimlərinə minnətdarlığını bildirir.
“İlk gündən sinif yoldaşlarımız arasında sağlam rəqabət vardı. Birinci imtahanda onlar məndən daha yüksək nəticə göstərmişdilər. Mən isə 676 bal toplamışdım. Lakin bu, mənim üçün qaneedici deyildi. Bu rəqabət mənə sanki bir stimul oldu. Ona görə ikinci dəfə də qəbul imtahanında iştirak etdim və qarşıma qoyduğum məqsədə çatdım. İndi ən böyük arzum ADA Universitetində hüquq ixtisası üzrə təhsil almaqdır. ADA Universitetində təhsil mükəmməldir. Ona görə mən də mükəmməl olanı seçirəm. Gələcək illərdə ali məktəbə daxil olmaq istəyən gənclərə isə tövsiyəm budur ki, məqsədli olsunlar və öz aralarında daim sağlam rəqabət aparsınlar”, – deyə S.Məmmədli fikirlərini bölüşüb.