SİYASƏT
“Eurasia Hoy” portalında Almaniya-Azərbaycan münasibətlərinə dair məqalə dərc olunub
Vaşinqton, 15 iyul (AZƏRTAC). ABŞ-ın populyar ispandilli “Eurasia Hoy” portalında Amerikanın beynəlxalq münasibətlər sahəsində eksperti Piter Teyzin “Azərbaycan və Almaniya arasında iqtisadi münasibətlər – nümunəvi əməkdaşlıq” sərlövhəli məqaləsi dərc olunub: (http://eurasiahoy.com/04072014-azerbaiyan-y-alemania-excelente-cooperacion-politico-economica/).
İki ölkə arasında əhəmiyyətli münasibətlərdən, diplomatik münasibətlərin qurulması tarixindən və Prezident İlham Əliyevin 2012-ci ilin fevralında Almaniyaya sonuncu səfərindən söz açan müəllif qeyd edib ki, Azərbaycan Qafqazda və Xəzər dənizi regionunda Almaniyanın əsas iqtisadi tərəfdaşıdır. İki ölkə arasında həqiqi ticarət dövriyyəsi 3 milyard dollar civarındadır. Ekspert yazır ki, Almaniya kansleri Angela Merkel 2013-cü ilin sonunda Almaniyanın Azərbaycanı özünün etibarlı tərəfdaşı saydığını rəsmi şəkildə bəyan edib.
Daha sonra P.Teyz 2013-cü ilin noyabrında Almaniya-Azərbaycan Ticarət Palatasının yaradılmasını, habelə Almaniya və Azərbaycan arasında uzunmüddətli qarşılıqlı münasibətlər qurulduğunu vurğulayıb.
Almaniya və Azərbaycan arasındakı siyasi dialoq etimad şəraiti və Avropa İttifaqı ilə daha möhkəm əlaqələrin qurulmasında Azərbaycanın strateji maraqları ilə səciyyələnir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, habelə BMT-də və digər beynəlxalq qurumlarda mühüm və konstruktiv rol oynayır və bundan sonra da belə rol oynayacaqdır.
Yusif Babanlı
AZƏRTAC –ın xüsusi müxbiri
Vaşinqton