ELM VƏ TƏHSİL
“75 məktəb layihəsi”nin təqdimatı olub
Bakı, 7 oktyabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) məktəb direktorlarının iştirakı ilə “75 məktəb layihəsi”nin təqdimat mərasimi keçirilib.
Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə BŞTİ tərəfindən 2014-2015-ci tədris ilinin IX sinif buraxılış imtahanının nəticələri əsasında müəyyən edilmiş məktəblərin cari tədris ilində göstərdiyi nəticələr təhlil olunub.
BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva məsələnin aktuallığından danışıb, layihədə iştirak edən məktəblərdə tədris nailiyyətləri baxımından əldə edilmiş nəticələrdən, qarşıda duran vəzifələrdən danışıb və ümumi təhsil müəssisələrinin rəhbərlərinə müvafiq tövsiyələrini verib.
BŞTİ-nin sektor müdiri Lamiyə Şərəfxanova layihənin formatı, hədəf qrupları, layihə çərçivəsində aparılan fəaliyyət istiqamətləri barədə danışıb, bir sıra məktəblər üzrə statistik göstəriciləri nəzərə çatdırıb.
Qeyd edək ki, pilot layihəyə əsasən, ilk mərhələdə Bakının 12 inzibati rayonunun hər biri təmsil olunmaqla IX siniflər üzrə şagird sayı çox, keyfiyyət göstəriciləri isə aşağı olan 35 məktəb müəyyənləşdirilib.
Layihə çərçivəsində ana dili və riyaziyyat fənlərini tədris edən müəllimlər, IX sinif şagirdləri və onların valideynlərindən ibarət hədəf qrupları ilə görüşlər keçirilib, məktəblərin keyfiyyət göstəriciləri araşdırılıb və onlarla iş aparılıb.
Bununla yanaşı, IX sinif şagirdlərinin ana dili və riyaziyyat fənlərindən ümumi təhsil səviyyəsi üzrə bilik və bacarıqlarını müəyyənləşdirmək məqsədilə paytaxtın bütün məktəblərinə qiymətləndirmə materialları göndərilib.
Tədbirdə, həmçinin layihənin builki fəaliyyət istiqamətləri və hədəfləri müzakirə edilib, layihəyə bu tədris ilində cəlb edilən 40 məktəbin təqdimatı olub.
Əldə olunmuş müsbət nəticə əsas götürülərək bu tədris ilindən ümumilikdə 75 məktəb rəhbəri, 913 müəllim, 4.230 valideyn və 4.230 şagird layihənin iştirakçıları sırasına daxil edilib.