CƏMİYYƏT


75 yaşlı Sus sakini: Evimizə döndükdən sonra elim-obam üçün bundan sonra da əlimdən gələni edəcəyəm VİDEO

Bakı, 30 avqust, Kənan Aydın, AZƏRTAC

Yaşımın 75 olmasına baxmayın, Susa qayıdan kimi işləyəcəyəm, elim-obam üçün əlimdən gələni edəcəyəm.

Bu sözləri AZƏRTAC-a müsahibəsində əslən Laçın rayonunun Sus kəndindən olan Vaqif Həsənov söyləyib.

O, doğma torpaqda yaşadığı qayğılı illərdən söhbət açıb: “1945-ci ildə Sus kəndində anadan olmuşam. Böyük ailə idik. Səkkiz övladımın hər birini təmiz havada, səfalı məkanda boya-başa çatdırmağı düşünürdüm. Yağı düşmən bu arzumu əlimdən aldı”.

Elini-obasını tərk etmək məcburiyyətində qalan ağsaqqal kişi həmin günləri kövrək hisslərlə dilə gətirib: “Laçından çıxanda 44 yaşım var idi. Həmin günü sözlə ifadə edə bilmirəm. Oğlum zəng etdi ki, düşmən üstümüzə şığıyır, kənddən çıxmalıyıq. Anasıgili götürüb Bakıya getmələrini xahiş etdim. Beləcə, ailəmi Bakıya göndərdim, özüm isə Laçın işğal olunan son anadək orada qaldım. Uşaqlarım balaca idilər, Bakıda yaşaya bilmədik. Onları Xaçmaza göndərdim. Xaçmazda böyüyüb, boya-başa çatdılar. Daha sonra Bakıya qayıtdıq. Özüm isə 1992-ci ildən - Bakıya gələndən 2013-cü ilədək Bakı Televiziya Qülləsində işlədim. Hazırda pensiyadayam”.

Laçının hər qarışının fərqli gözəlliyə malik olduğunu söyləyən V.Həsənov yaddaşında qalan təbiəti təsvir edərkən deyib: "Kəndimizin ortasından Minkənd çayı keçirdi. Onun suyu elə sərin idi ki, avqust ayında belə suya əl atan kimi əllərim üşüyürdü. Vətənimin hər qarışına qurban olum!”.

Prezident, Müzəffər Ali Baş Komandanın Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi, Zabux və Sus kəndlərini nəzarətə götürməsi xəbərini eşidəndə qol qaldırıb oynamağa başlayan 75 yaşlı Vaqif kişi gələcək planlarından da söz açıb: “Allah Prezidentimizi, Ordumuzu qorusun! Laçına getməyə tam hazıram. Yaşımın 75 olmasına baxmayın, heyvandarlıq, arıçılıqla məşğul ola bilərəm, cavanlara yol göstərərəm”.

Vaqif Həsənovun həyat yoldaşı Sürəyyə xanım isə deyib: “Əhd etmişəm, Laçına qayıdanda Xırmanlar kəndindən öz qapıma kimi ayaqyalın gedəcəyəm”.

S.Həsənova müsahibəsində kənddəki yaşayışları barədə danışıb: “Həyətin ortasında böyük təndirimiz var idi. Bəlkə də düşmən indi onu dağıdıb. Orada çörək bişirirdim. Özümün hazırladığım nehrə yağını dəmlənmiş plovun üzərinə töküb nuş edirdik. Bağ-bağat geniş və bərəkətli idi. Bütün növ meyvə yetişirdi. Otuz ildir Susun havasına, suyuna həsrət idik. Prezidentimiz sağ olsun, bu həsrətimizə son qoydu. Evə qayıdıb qapını açıq qoyacağam, yoldan keçən hər kəsi süfrəmizə dəvət edəcəyəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.