REGİONLAR
77 saylı Astara DSK: 39864 seçici 44 seçki məntəqəsində 15 namizədə səs verir
Astara, 9 fevral, Bağır Əliyev, AZƏRTAC
Fevralın 9-da Astara şəhərinə ilk qarın yağmasına baxmayaraq, sakinlər Milli Məclisə keçirilən seçkilərdə fəallıq nümayiş etdirirlər. 77 saylı Astara seçki dairəsinin ərazisində yerləşən 1 və 2 nömrəli şəhər seçki məntəqələrində bunun bir daha şahidi olduq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saat 8.00-da Astara şəhərindəki 1 nömrəli seçki məntəqəsində məntəqə seçki komissiyasının sədri Hacıbala Ramazanov müşahidəçilərin iştirakı ilə səsvermənin başlandığını elan etdi.
Səsverməyə gələn seçiciləri seçki məntəqəsinin qarşısında dayanmış məntəqə seçki komissiyasının üzvü qarşılayaraq seçicilərin sol baş barmağını ultrabənövşəyi rəngli fanarla yoxladıqdan sonra onları içəri buraxırdı.
Seçki məntəqəsində ilk səs verənlərdən biri - Astara şəhər sakini, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Astara Rayon Şurasının sədri Rafiq Əliyevdən təəssüratını öyrəndik. O, məntəqədə seçkilərin azad, demokratik, beynəlxalq standartlara uyğun şəkildə keçirildiyini bildirdi: “Bu gün Milli Məclisə keçirilən seçkilərdə dairə üzrə qeydə alınmış 15 namizəddən layiq bildiyim insana səs verdim. Məntəqədə səsvermənin yüksək səviyyədə keçməsi üçün hər cür şərait yaradılıb”.
Digər şəhər sakini Elşən Həbibov da səsvermənin gedişindən razı qaldığını dedi: “Seçkilər azad, şəffaf və demokratik şəkildə keçir. Hər kəs layiq bildiyi namizədə səs verir. Mən də 15 nəfər arasında layiq bildiyim namizədə səs verdim. İnanıram ki, Milli Məclisə seçiləcək namizədlər seçicilərin etimadını doğruldacaqlar”.
77 saylı Astara Dairə Seçki Komissiyasının sədri Hikmət Əkbərovun verdiyi məlumata görə, seçkilərdə dairə üzrə 39 min 864 seçici 44 seçki məntəqəsində 15 namizədə səs verəcək. Dairə üzrə 76 nəfər ilk dəfə səsvermədə iştirak edəcək. Yaşı 100 və 100-dən yuxarı olan 4 nəfərin adı seçici siyahısına daxil edilib. Dairə Seçki Komissiyasında 704 nəfər yerli müşahidəçi qeydə alınıb.
Dairənin ərazisində yerləşən seçki məntəqələrində səsvermənin gedişini yerli müşahidəçilərlə yanaşı, beynəlxalq müşahidəçilər - ATƏT-in nümayəndələri Cobanu Lominita və Martin Mixail də izləyirlər.