REGİONLAR
77 saylı Astara Seçki Dairəsində keçirilən treninqlərə 44 seçki məntəqəsinin 264 üzvü cəlb olunub
Astara, 27 noyabr, Bağır Əliyev, AZƏRTAC
Dekabrın 23-də ölkəmizdə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar aşağı seçki komissiyalarının üzvləri üçün təşkil edilmiş treninqlər davam edir.
Mərkəzi Seçki Komissiyası (MSK) təşkilatçılığı ilə reallaşan təlim məşğələləri gündə iki dəfə olmaqla, hər treninq sessiyasında 35-40 nəfərədək məntəqə seçki komissiyası üzvünün iştirakı ilə keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 77 saylı Astara seçki dairəsində keçirilən treninqlərə 44 seçki məntəqəsinin 264 üzvü cəlb olunub.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında təşkil olunan məşğələlər MSK-nın təlim kurslarında iştirak etmiş trenerlər -77 saylı Astara Dairə Seçki Komissiyasının katibi Güləsən Mirzəyev və Katibliyin baş məsləhətçisi Malik Hüseynov tərəfindən aparılır.
Təlim zamanı iştirakçılara MSK tərəfindən tərtib edilmiş xüsusi proqram və slaydların köməyi ilə məntəqə seçki komissiyası üzvlərinin rol və vəzifələri, seçki günü səsvermənin təşkili, səslərin hesablanması, səsvermənin nəticələrinin müəyyənləşdirilməsi, yekun protokolların doldurulması və digər məsələlər barədə məlumatlar verilib.
Praktiki məşğələlər zamanı müxtəlif mövzular ətrafında müzakirələr aparılır və iştirakçıları maraqlandıran suallar cavablandırılır.
Treninqdə məntəqə seçki komissiyalarının üzvlərinə Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış “Seçki günü üçün yaddaş kitabçası”, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri sənəd nümunələri təqdim olunur.
Təlim məşğələləri cənub bölgəsinin digər Dairə Seçki komissiyalarında da davam edir.