İDMAN
Azərbaycanın qadın güləşçiləri “Qızıl Qran-pri” beynəlxalq turnirində iki qızıl medal qazanıb
Bakı, 26 iyul (AZƏRTAC, Məhərrəm Əlioğlu). Bakıda keçirilən güləş üzrə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran-pri” beynəlxalq turniri davam edir.
AZƏRTAC xəbər verir ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən turnirin proqramına əsasən, iyulun 26-da - yarışın ikinci günündə qadın güləşçilər güclərini sınayıb.
Qadın güləşi yarışlarında 8 güləşçimiz mübarizə aparıb. Heyətdə Mariya Stadnik, Kəmalə Əliyeva (hər ikisi 48 kq), Anjela Doroqan, Patimat Baqomedova (hər ikisi 53 kq), İrina Netreba (58 kq), Yuliya Ratkeviç (60 kq), Nadya Sementsova və Gözəl Zutova (hər ikisi 69 kq) yer alıblar.
Güləşçilərimizdən Mariya Stadnik (48 kq) və Yuliya Ratkeviç (60 kq) bütün rəqiblərini udaraq finala yüksəliblər. Mariya Stadnik finalda rusiyalı Elena Vostrikovanı 6:0 məğlub edərək qızıl medala sahib olub.
Yuliya Ratkeviç isə yaponiyalı Katsuki Sakaqamiyə (60 kq) 9:5 hesabı ilə qalib gələrək birinci olub.
Kəmalə Əliyeva (48 kq) və İrina Netreba (58 kq) bürünc medal uğrunda mübarizədə məğlub olublar. Patimat Baqomedova (53 kq) isə zədələndiyi üçün bürünc medal uğrunda güləşməyib.
Qaliblərə medal, diplom, pul mükafatı və xatirə hədiyyələri təqdim olunub.
İyulun 27-də yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.
Qeyd edək ki, sərbəst güləşçilərimiz yarışın ilk günündə 3 qızıl, 3 gümüş və 7 bürünc medal qazanıblar.
Yarışlara 35 ölkədən 400-ə yaxın pəhləvan qatılıb.