CƏMİYYƏT


UNİCEF Azərbaycan ilə səmərəli əməkdaşlıq edir

Bakı, 25 sentyabr (AZƏRTAC). Sentyabrın 25-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov UNICEF-in Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Andro Şilakadze ilə görüşüb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan ilə UNICEF arasında səmərəli əməkdaşlığı qeyd edən nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan haqlarının, o cümlədən uşaq hüquqlarının qorunması üzrə görülən işlərdən danışıb. F.Məmmədov məhkəmə-hüquq islahatları, yuvenal ədliyyənin inkişafına xidmət edən tədbirlər, bu sahədə yeni təşəbbüslər barədə məlumat verib, UNICEF-in Bakı Ofisi ilə səmərəli qarşılıqlı əlaqələrin olduğunu vurğulayaraq A.Şilakadzeyə fəaliyyətində uğurlar arzulayıb.

UNICEF-in ölkəmizlə əlaqələrinin yüksək səviyyədə olduğunu diqqətə çatdıran qonaq bildirib ki, Prezident İlham Əliyevin qayğısı ilə Azərbaycan sürətlə inkişaf edir, müxtəlif sahələrdə, o cümlədən uşaq hüquqlarının qorunması üzrə mütərəqqi addımlar atılır. Bu işdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xüsusi xidmətləri vardır.

A.Şilakadze yuvenal ədliyyə sahəsində görülmüş işləri, məhkəmə və penitensiar infrastrukturun müasirləşdirilməsi, yetkinlik yaşına çatmayan məhkumların hüquqlarının genişləndirilməsi üzrə tədbirləri məmnunluqla vurğulayıb, əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini və yaxşı təcrübələri bölüşməyə hazır olduğunu bildirib.

Görüşdə yeniyetmələrin cinayət işləri üzrə ədalət mühakiməsinin həyata keçirilməsi, hakim və digər hüquqşünasların tədrisi və s. məsələlər müzakirə olunub, konkret əməkdaşlıq istiqamətləri üzrə təkliflər irəli sürülüb.

Qonaq nazirliyin binasındakı Ədliyyə tarixi muzeyi ilə tanış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.