REGİONLAR
800 kiloqramdan çox çiyələk ön cəbhədə xidmət edən əsgərlərə yola salındı - Masallıdan olan fermerdən ordumuza dəstək FOTO
Masallı, 9 oktyabr, İsmayıl Cəfərli, AZƏRTAC
Xalqımız bu günlərdə yeni tarix yazan rəşadətli Ordumuza dəstəyini əsirgəmir. Hər insan öz sahəsi üzrə könüllü olaraq Azərbaycan əsgərinə həm maddi, həm də mənəvi yardım etmək istəyir. Bu dəfə könüllü dəstək Masallıda yaşayan fermerdən gəlib. Şərəfə kənd sakini Rafət Abbasov çiyələk sahəsindən yığılan 1 tona yaxın məhsulu qablaşdıraraq cəbhə xəttinə yola salıb.
AZƏRTAC xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Fermerlər şurasının qabaqcıl üzvlərindən olan Rafət Abbasov 3 hektardan çox sahədə çiyələk əkib. Fermer bu il 35 tondan çox məhsul əldə edib. Yığım hər il sentyabrda başa çatsa da, bu il oktyabrın sonuna kimi davam edəcək. O, yığılan çiyələkləri orduya dəstək məqsədilə cəbhəyə yola salır.
“Bu il sahədə məhsul boldur. Becərdiyimiz çiyələkləri toplayaraq cəbhə bölgəsinə göndərməyi qərara almışam. Könüllü gənclər də bu işdə bizə kömək edirlər. Vətənin bu dar günündə Ali Baş Komandanın və əsgərlərimizin ətrafında sıx birləşmişik. Onlar əmin olsunlar ki, biz Masallı fermerləri də onların yanındayıq”, - deyə Rafət Abbasov bildirib.
Çiyələk sahəsində təkcə işçilər deyil, Masallı gəncləri də könüllü olaraq dərim prosesinə qoşulublar.
Gənc könüllü Əsra Yusifli ilə söhbət zamanı deyib: “Hazırda sahədə çalışan işçilər tək deyil. Könüllü insanlar da çiyələk sahəsində işləyirlər. Əhval-ruhiyyəmiz yüksək səviyyədədir. Bizim xalq xeyirxahdır, dövlətinin və ordusunun yanındadır. Allah onlara dayaq olsun! Biz çox böyük ümidlə və çox böyük sevinclə gözləyirik ki, yaxın zamanda Dağlıq Qarabağ ərazisi tamamilə işğaldan azad ediləcək”.
Beyləqandan dəfələrlə döyüş meydanına könüllü olaraq ərzaq yardımı aparan sürücü Qasım Məmmədov bu dəfə Masallıdan yola çıxacaq.
“Masallıya öz maşınımla gəlmişəm. Bu işləri könüllü edirəm. Eşitdim ki, Rafət qardaş əsgərlərə yardım göndərir, gəldim ona dəstək olum. Bu addımı cəsur əsgərlərimiz üçün atırıq, onlar bizə hər gün zəfərlər bəxş edirlər. Sürücü kimi bu işi görməkdən qürur duyuram. İndi ordumuza və dövlətimizə böyük dəstək göstərməliyik”, - deyə beyləqanlı sürücü bildirib.
Beləliklə, səhər saatlarında sahədən yığılan 800 kiloqramdan çox çiyələk qablaşdırılaraq maşına yükləndi və ön cəbhədə xidmət edən əsgərlərimiz üçün yola salındı.