REGİONLAR
Bölgələrimizin gözəlliklərini gördükcə doğma Vətənimizə sevgimiz daha da artır
Mən regionlarımızın bu dərəcədə gözəl olduğunu bilmirdim. Marşrut boyu hərəkət etdikcə bölgələrdə aparılan tikinti-quruculuq işlərinin bir daha canlı şahidi olduq. Yurdumuzun belə dilbər guşələri barədə indiyədək qəzet və kitablardan oxumuşduq, televiziya ekranlarından izləmişdik. Tur-aksiyanın ən böyük əhəmiyyəti odur ki, biz bütün bu gözəllikləri artıq öz gözlərimizlə görür, ölkəmizi daha yaxından tanıyırıq. Bütün bunlar bizim doğma Vətənimizə sevgimizi daha da artırır. Biz gənclərə belə imkan yaratdığına görə Prezidentimiz İlham Əliyevə məktəblilər adından dərin minnətdarlığımızı bildiririk.
Bu sözləri “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı, Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsindəki 187 nömrəli tam orta məktəbin XI sinif şagirdi Amin İsmayıllı Şəkidə AZƏRTAC-a müsahibəsində deyib.
Şəkini düşündüyündən də gözəl gördüyünü bildirən aksiya iştirakçısı deyib: “Şəkidə ilk dəfədir oluram. Qədim, eyni zamanda, müasir və gözəl şəhərdir. Küçələri abad, hər tərəf təmiz və səliqəlidir. Sakinləri çox mehribandır. Şəki xanlarının sarayı məni və dostlarımı valeh etdi. Sarayın bənzərsiz arxitekturası, şəbəkə və naxışlar xatirəmizdə çox gözəl iz qoydu”.