REGİONLAR
80 yaşlı Püstə nənə: O vaxtı aclıq idi, Novruz süfrəsi indiki qədər zəngin olmazdı – Lahıcdan reportaj FOTO VİDEO
İsmayıllı, 20 mart, Rəşad Türkoğlu, AZƏRTAC
Novruz bayramı hər il İsmayıllının Lahıc qəsəbəsində özünəməxsus şəkildə qeyd olunur. Havanın qarlı və şaxtalı olmasına baxmayaraq, yerli əhali hər il olduğu kimi, bu il də yazın, baharın gəlişini qarşılamaq üçün, isti evlərindən çıxıb bayram tonqalı ətrafına toplaşıblar.
AZƏRTAC xəbər verir ki, qız-gəlinlərin hazırladıqları şəkərbura, paxlava, Lahıc halvası, şirin çörəklər, boyanan yumurtalar, cücərdilən səmənilər, şux bayram rəqsləri, aşıqların, folklor qruplarının çıxışları bayrama xüsusi rəng qatıb. Novruzun personajları olan Kosa və Keçəlin hazırladıqları səhnəciklər lahıclılarda xoş əhvali-ruhiyyə yaradıb.
Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Kamal Əliyev bildirib ki, qədim tarixə, zəngin mədəniyyətə malik olan Lahıcın mənəvi dəyərləri sırasında Novruz bayramı özünəməxsus yer tutur. Milli ornamentlər və Novruz bayramına aid atributlar ilə bəzədilmiş qəsəbə həm yerli sakinlərin, həm də bura üz tutan turistlərin marağına səbəb olur.
Digər bölgələrdən fərqli olaraq Lahıcda bayram tonqalında ardıc ağacının budaqlarından istifadə edilir. Tonqal ətrafında yallı gedən qəsəbə sakinləri axşama doğru evlərinə çəkilir, bayram süfrəsi açırlar.
Novruzun gəlişinə ən çox sevinən isə uşaqlar olur. Çünki onlar bayram günü bir yerə toplaşar, qızlar qulaq falına çıxar, oğlanlar isə evlərə qurşaq sallayıb, papaq atarlar.
Bayram axşamı süfrədə digər şirniyyatlarla və yeməklərlə bərabər, Lahıc plovunun olması vacibdir. Masa arxasına keçən böyükdən kiçiyə hər kəs bayram yeməklərindən dadıb, xoş söhbətlər edir, baharı qarşılayırlar.
Bizimlə həmsöhbət olan 80 yaşlı Püstə nənə keçmişdə və bu gün Lahıcda qeyd edilən Novruz adətlərindən söz açıb: “Bəzi bayram adətlərı unudulsa da, müasirləşsə də, bir çoxları günümüzə qədər çatıb. Məsələn, keçmişdə bayram tonqalları hər evin damında qalanardı. Amma indi həyətlərdə yandırılır. O vaxtı aclıq dövrü idi, bayram süfrəsi o qədər də zəngin olmazdı. Şükürlər olsun ki, indi bayram süfrəsində cürbəcür yeməklər, şirniyyatlar, çərəzlər, meyvələr bol olur”.
Püstə nənə, həmçinin bildirib ki, artıq ikinci ildir işğaldan azad olunan torpaqlarımızda bayram tonqalları qalanır. İnşallah Qarabağımız tezliklə yenidən qurulacaq, hər kəs öz doğma torpağında bayram tonqalı qalayacaq.
Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz, insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaradıb. Bir sözlə, Novruz insanda ruh yüksəkliyi, torpağa bağlılıq yaradır, məhəbbət və sevgi aşılayır.
Bayramınız mübarək!