ELM VƏ TƏHSİL
Sabunçu və Xətai rayonlarında növbəti səyyar qəbullar təşkil olunacaq
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən noyabrın 14- də Sabunçu və Xətai rayonlarında növbəti səyyar qəbullar keçiriləcək.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, Sabunçu rayonu üzrə 187 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula Maştağa, Bilgəh, Nardaran, Pirşağı qəsəbələrindəki məktəblərin və 31 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin müəllimləri və valideynlər müraciət edə bilərlər.
Xətai rayonu üzrə 191 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula isə bu rayondakı məktəblərin, 15 nömrəli Uşaq Gənclər İdman Məktəbinin, Uşaq Yaradıcılıq mərkəzlərinin müəllimləri və valideynlər müraciət edə bilərlər.
Səyyar qəbullar saat 10.00 -da başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri BŞTİ-nin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.
Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədini daşıyır.