CƏMİYYƏT


8103-ə göndərilən SMS-lərə cavab 15 dəqiqə ərzində gələcək

Bakı, 25 iyun, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən aparılmış araşdırmalar nəticəsində bəzi vətəndaşlar tərəfindən 8103 SMS icazə sistemi ilə bağlı sui-istifadə hallarına yol verildiyi aşkarlanıb. Müəyyən olunub ki, cavabın qısa müddət ərzində (99,4 faiz müraciət 1 dəqiqə ərzində) gəlməsindən sui-istifadə edən bəzi vətəndaşlar evdən çıxarkən deyil, yalnız polis yoxlama məntəqələrinə yaxınlaşarkən SMS müraciət edirlər.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qeyd olunanlar nəzərə alınaraq, 8103 SMS icazə sisteminin fəaliyyətində dəyişiklik edilib. Belə ki, artıq vətəndaşlar tərəfindən müvafiq kod üzrə müraciət olunduğu zaman cavab SMS-i 15 dəqiqə ərzində gələcək.

Eyni zamanda, “E-Təbib” mobil tətbiqi vasitəsilə edilən bu cür müraciətlərə cavab 5 dəqiqə ərzində təmin olunacaq.

Vətəndaşlar yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilərlər. Vətəndaşların müraciətinə gələn cavab SMS-ində icazənin qüvvədə olduğu müddət göstərilir.

Evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün 8103 qısa nömrəsinə 3 milyon 475 min SMS göndərilib ki, bunlardan da 774 mini, yəni 22 faizi aidiyyəti olmayan məzmunla bağlı göndərildiyindən təsdiq cavabı almayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.