REGİONLAR
Qubadlılar ümummilli lider Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla anıblar
Sumqayıt, 11 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Dekabrın 11-də Sumqayıtda yerləşən Qubadlı Rayon İcra Hakimiyyətinin inzibati binasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş elmi- nəzəri konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçılar dahi rəhbərin icra hakimiyyətinin binasının foyesində qoyulmuş büstünün önünə gül dəstələri düzüblər.
Tədbir iştirakçıları Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad ediblər. Sonra onlar “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” adlı videofilmə baxıblar.
Rayon icra hakimiyyətinin başçısı Malik İsaqov ümummilli lider Heydər Əliyevin fəaliyyətindən, onun müasir Azərbaycan dövlətinin qorunub saxlanması və inkişafındakı rolundan bəhs edib. Vurğulanıb ki, bu gün Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya əsasında apardığı siyasət Azərbaycan dövlətini işıqlı gələcəyə doğru aparır. Azərbaycan dövləti bütün sahələr üzrə inamla inkişaf edir və getdikcə möhkəmlənir. M. İsaqov bildirib ki, bu inkişaf məcburi köçkünlərin daim yeniləşən həyatında da özünü göstərir.
Konfransda “Böyük dövlət xadimi, əvəzolunmaz şəxsiyyət”, “Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan cəmiyyətində qadınların rolu”, “Heydər Əliyev və Azərbaycan dili”, “Dünya siyasətçiləri Heydər Əliyev haqqında” mövzularında məruzələr dinlənilib. Məruzələrdə ümummilli lider Heydər Əliyevin müasir dövlətçilik tariximizdə quruculuq və xilaskarlıq missiyasından, apardığı uğurlu daxili və xarici siyasətdən, Azərbaycanın tolerant ölkə kimi dünyada nüfuz qazanmasından, qəbul edilən mütərəqqi qanunlardan, Ulu Öndərin hakimiyyəti illərində gender bərabərliyinin təşəkkül tapmasından, azərbaycançılıq ideologiyasının milli ideologiyaya çevrilməsindən, dahi rəhbərin dünya siyasətçiləri arasındakı reytinqindən, Azərbaycan dilinin, mədəniyyətinin, elminin inkişafına verdiyi töhfələrdən ətraflı bəhs edilib.
Elmi-nəzəri konfransın yekununda dahi rəhbərin xatirəsinə həsr edilmiş anım tədbirlərinin rayonun idarə, müəssisə və təşkilatlarında, eləcə də ümumtəhsil məktəblərində keçirildiyi qeyd olunub. Vurğulanıb ki, Azərbaycan xalqının qəlbində əbədiyaşarlıq statusu qazanmış Heydər Əliyevin xatirəsi daim əziz tutulacaqdır.